Ukrayna ordusunun yüksək rütbəli hərbi mənbəsi bildirib ki, Ukrayna Rusiyanın Kursk bölgəsində avqust ayında gözlənilməz hücumu nəticəsində sürətlə ələ keçirdiyi ərazilərin 40 fazidən çoxunu itirib, belə ki, Rusiya qüvvələri əks-hücum dalğalarını artırıblar.
Ukraynanın Baş Qərargahında olan mənbə bildirib ki, Rusiya müharibənin 2 il yarım davam etməsindən sonra Ukraynanın hücumuna hazırlıqsız yaxalanaraq Kursk bölgəsinin bir hissəsinə nəzarəti itirdikdən sonra əraziyə 59 minə yaxın əsgər cəlb edib.
“Maksimum olaraq, biz təxminən 1376 kvadrat kilometr əraziyə nəzarət edirdik. İndi təbii ki, bu ərazi daha kiçikdir. Düşmən əks-hücumlarını artırır”, - mənbə bildirib: “İndi biz təxminən 800 kvadrat kilometr əraziyə nəzarət edirik. Biz bu ərazini hərbi baxımdan uyğun gələn müddətə saxlayacağıq”.
Kursk hücumu İkinci Dünya Müharibəsindən sonra xarici dövlətin Rusiyaya ilk quru hücumu idi və Moskvanı hazırlıqsız tutdu.
Kurska zərbə endirməklə Kyiv Rusiyanın Ukraynanın şərqində və şimal-şərqində hücumlarını dayandırmaq, Rusiyanı şərqdə irəliləyən qüvvələri tədricən geri çəkməyə məcbur etmək və istənilən sülh danışıqlarında Kyivvə əlavə təsir rıçaqları vermək məqsədi güdürdü.
Lakin Rusiya qüvvələri hələ də Ukraynanın şərqindəki Donetsk bölgəsində davamlı şəkildə irəliləyir.
Ukrayna Baş Qərargahındakı mənbə bir daha qeyd edib ki, təxminən 11 min Şimali Koreya əsgəri Rusiyaya dəstək üçün Kursk bölgəsinə gəlib, lakin onların qüvvələrinin əsas hissəsi hələ də təlimləri yekunlaşdırır.
Moskva Şimali Koreya qüvvələrinin Kurskda olmasını nə təsdiq, nə də təkzib edib.
Forum