Accessibility links

Aİ-nin yeni diplomatı Çinə qarşı sərt mövqe və ABŞ ilə güclü ittifaq vəd edir


Kaya Kallas
Kaya Kallas

Avropa İttifaqının növbəti xarici siyasət rəhbəri Kaya Kallas Rusiya və Çinə qarşı sərt mövqe tutacağına, Avropa ilə Amerika arasında güclü ittifaqın tərəfdarı olacağına dair mesajlar verir.

Kallas noyabrın 12-də keçirilən dinləmələrdə ilk dəfə Avropa Parlamentində danışıb və Aİ-nin Rusiyanın təcavüzünə qarşı Ukraynanı dəstəkləmək öhdəliyində qətiyyətli olacağını vurğulayıb. O, İttifaqın Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi kimi beşillik səlahiyyətlərinə dekabrın 1-dən başlayır.

Estoniyanın keçmiş baş naziri xəbərdarlıq edib ki, Rusiya, İran, Şimali Koreya və daha gizli şəkildə Çin qaydalara əsaslanan dünya nizamını dəyişmək istəyir. O, Aİ-ni bu təhlükəyə ən yaxın müttəfiqləri və tərəfdaşları ilə birlikdə “kim olduğumuzun bir qarışını itirmədən” cavab verməyə çağırıb.

Gələcək Tramp administrasiyasının ABŞ-ın Ukraynaya dəstəyini azalda biləcəyi ilə bağlı narahatlıqlara cavab olaraq Kallas vurğulayıb ki, ABŞ-ın Çindəki strateji maraqları Ukraynaya qarşı müharibənin nəticəsindən ayrılmazdır.

Kallas deyib: “Əgər ABŞ Çin və digər aktorlardan narahatdırsa, onlar da bizim Rusiyaya necə cavab verəcəyimizdən narahat olmalıdırlar”.

Sərt Çin siyasəti

Kallasın Çinə qarşı sərt mövqeyi ilk dəfə Estoniyanın baş naziri olduğu dövrdə, hökuməti Estoniyanın Çin siyasətinin Aİ-Çin münasibətləri çərçivəsində irəliləməsinə tərəfdar olduğu zaman ortaya çıxıb. 2022-ci ildə Estoniya Pekinin rəhbərlik etdiyi “Çin - Mərkəzi və Şərqi Avropa arasında əməkdaşlıq” adlı “16+1” mexanizmindən çıxdığını elan edib.

Bu il Avropa Parlamentinə keçirilən seçkilərdən sonra Kallas xarici siyasət üzrə yüksək nümayəndə vəzifəsinə namizəd göstərilib. Daha sonra o, Estoniyanın baş naziri vəzifəsindən istefa verib.

Bəzi ekspertlər hesab edir ki, Kallas Çinə qarşı sələfi Cosep Borrelldən daha sərt siyasət yürüdəcək.

Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Aİ Pekinin Moskvaya dəstəyini pisləyib.

Kallas bildirib ki, Çinin dəstəyi olmadan “Rusiya müharibəni eyni intensivliklə apara bilməz”. Ukraynaya qarşı müharibədə Rusiyaya dəstək verdiyi üçün Çin "daha yüksək xərclərlə" üzləşməlidir, Kallas soyuqqanlı sanksiyalara işarə edərək deyib.

Oktyabr ayında Kallas Avropa Parlamentinə yazıb ki, Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi olduğu müddətdə o, Rusiyanın “imperialist arzusu”na və Çinin “haqsız rəqabətinə” qarşı çıxmağa sadiq olacaq.

Aİ və Çin arasında elektrik avtomobilləri kimi məhsullar üzərində ticarət mübahisəsi bir ildən çoxdur ki, davam edir. Eyni zamanda danışıqlar da davam etdirilir. Aİ Çinin elektriklə işləyən avtomobillərə verdiyi böyük subsidiyaların haqsız rəqabət təşkil etdiyini bildirib.

Tramp administrasiyasının Ukraynaya təhlükəsizlik zəmanətlər və dəstək verib-verməyəcəyi, Avropa İttifaqına daha yüksək tariflər tətbiq edib-etməyəcəyi aydın deyil.

Birləşmiş Ştatların Hind-Sakit okeanı bölgəsinə daha çox diqqət yetirməsi və Çinlə strateji rəqabəti ilə əlaqədar bir çox Avropa lideri Aİ-dən ABŞ-dan təhlükəsizlik asılılığını azaltmağı tələb edir.

Forum

XS
SM
MD
LG