"Girçi – Daha Çox Azadlıq" Partiyasının lideri və müxalifətin Dəyişiklik Koalisiyasının liderlərindən biri Zurab Caparidze Tbilisidə etiraz aksiyalarının dayandırıldığını və yeni fəaliyyət planı hazırlamağı planlaşdırdığını açıqlayıb. Bu barədə “Echo of Caucasus” yazır.
Caparidze noyabrın 20-də səhər saatlarında, "Biz necəsə yenidən planlaşdırmalı və burada etdiklərimizdən başqa bir şey haqqında düşünməliyik", deyib.
Onun sözlərinə görə, hakimiyyət strategiyasını dəyişib və indiki formada keçirilən etiraz aksiyaları heç nəyi dəyişməyəcək, ona görə də aksiyanın təşkilatçıları belə qərara gəliblər ki, iştirakçılar dağılışsın, dincəlsin və yeni plan hazırlasın.
Parlament seçkilərinin nəticələrinə etirazlar noyabrın 17-də başlayıb. Etirazçılar Tbilisi Dövlət Universitetinin (TDU) yaxınlığında 30-a yaxın çadır qurublar, lakin noyabrın 19-da səhər saatlarında polis xüsusi təyinatlıları çadırları söküb. Təhlükəsizlik qüvvələri etirazçıları Melikişvili küçəsinə sıxışdırıb, 16 nəfər saxlanılıb.
Noyabrın 20-də səhər saatlarında polis yenidən etirazçıları TDU-nun ərazisindən çıxararaq onların dinc aksiyasını davam etdirməsinə mane olub. Etirazçılar polislə münaqişəyə girməyib və Melikişvili küçəsinə çəkiliblər.
Noyabrın 16-da Gürcüstan Mərkəzi Seçki Komissiyası oktyabrın 26-da keçirilmiş parlament seçkilərinin nəticələrini rəsmən təsdiqləyib. Komissiyanın məlumatına görə, hakim “Gürcü Arzusu” partiyası demək olar ki, 54 faiz səs qazanaraq parlamentdəki 150 mandatdan 89-nu əldə edib. “Dəyişiklik Uğrunda Koalisiya” – 19, "Vahid Milli Hərəkat" – 16, "Güclü Gürcüstan" – 14”, "Gürcüstan üçün" – 12 mandat alıb.
Gürcüstan prezidenti Salome Zurabişvili və müxalifət partiyaları müşahidəçilər tərəfindən aşkar edilən yüzlərlə pozuntu və səsvermənin gizliliyi ilə bağlı suallara görə seçkinin nəticələrini tanımayıb. Mərkəzi Seçki Komissiyası və hakim Gürcü Arzusu Partiyası hər hansı saxtakarlığı inkar edir. Mərkəzi Seçki Komissiyası isə parlamentə seçilmiş deputatlara müvəqqəti vəsiqə verəcəyini açıqlayıb.
Forum