Accessibility links

“Meclis.info” platformasının həbsdə olan rəhbəri İmran Əliyevin 3 gündür aclıq aksiyası keçirdiyi bildirilir


İmran Əliyev
İmran Əliyev

"Meclis.info" platformasının həbsdə olan rəhbəri İmran Əliyevin artıq 3-cü gündür aclıq aksiyası keçirdiyi bildirilir. Bu barədə onun özü yazdığı məktubda bildirir. O, noyabrın 18-də ictimaiyyətə ünvanladığı məktubda deyir ki, 7 aydır ki, qanunsuz olaraq həbsdədir:

"7 ay keçməsinə baxmayaraq qoyulan saxta ittihama hakimlər heç bir sübut göstərmədən, ehtimallar üzərindən məhkəmədə qərar verir. Bu isə Azərbaycanda məhkəmə sisteminin necə işlədiyini və alınan qərarların necə yüzlərlə, minlərlə vətəndaşın həyatına təsir etdiyini göstərir. Təəssüflər olsun ki, COP29 kimi ekoloji fəlakətlərin qarşısını almaq məqsədi daşıyan tədbirə ev sahibliyi edən Azərbaycanda hələ də fundamental insan haqlarına, söz azadlığına riayət olunmur. Axı ancaq rifah və hüquqları qorunan vətəndaş güvənliklə ekologiyanın, təbiətin qayğısına qalmağa malikdir. Əfsuslar olsun ki, bizim bu yandan da bəxtimiz gətirməyib".

Əliyev məktubunda qeyd edir ki, həbs müddətində həbsxanada gördüyü, eşitdiyi hadisələr ona hüququn aliliyinin necə cılızlaşdığının təsəvvürünü yaradır.

"Məhkumlara maddələri restoran menyusundakı qiymətlər kimi sadalanması, onların bunu adi bir hal kimi qarşılamaqları, hakimlərin hüququ piştaxta arxasındakı mal kimi satması fəlakətin həyəcan siqnalı və qırmızı həddə gəlib çatması anlamına gəlir", deyə, sayt rəhbəri qeyd edir.

İmran Əliyev məktubunda "Meclis.info" platformasının fəaliyyətindən də söz açıb:

"Platforma parlamentin monitorinqi üçün 2020-ci ildə təşəbbüs kimi ictimai maraqlar əsasında fəaliyyətə başlamışdı. Əsas məqsədi vətəndaşlarla millət vəkilləri arasında körpü yaratmaq və ictimai nəzarət mexanizmi yaratmaqdır. Lakin 2022-2023-cü illərdə basqı və təzyiqlər səbəbindən əsas fəaliyyətimizi donduraraq onlayn maarifçilik və bilgiləndirməyə keçmişdi. İctimai nəzarət mexanizminin olmasını dəfələrlə öz çıxışlarında Prezident vurğulasa da, bizim fəaliyyətimizi təhlükəli hesab edib məni həbs etdilər".

Sayt rəhbəri qeyd edir ki, noyabrın 19-u onun həbs qətimkan tədbirinin müddəti başa çatır.

"Həbs zamanı və həbs müddətində bir çox fiziki və psixoloji təzyiqlərə məruz qaldım. Bu müddət ərzində atamda xərçəng xəstəliyinin aşkarlandığını öyrəndim. Bu mənə əsas zərbələrdən biri oldu. Ümumi baş verənlərə və mənim azadlığımın təmin olunmamasına etiraz olaraq aclıq etmək qərarı verirəm! Tələbim saxta cinayət ittihamının ləğv olunması və mənim azadlığımın təmin olunmasıdır", deyə, İmran Əliyev sonda vurğulayıb.

Noyabrın 18-də Xətai Rayon Məhkəməsində İmran Əliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.

O, səhhətindəki problemləri də hakimin nəzərinə çatdırıb. Əliyev kəskin ağrılardan əziyyət çəkdiyini, ehtiyacı olduğu halda, lazımi tibbi yardımı ala bilmədiyini deyib. Onun sözlərinə görə, təxminən 15 kiloqram çəki itirib.

İmran Əliyev məhkəmədə də halsız olub.

Hakim isə təqdimatı təmin edib və Əliyevin istintaq dövrü üçün həbsdə saxlanma müddətini fevralın 19-na qədər uzadıb.

Saytın rəhbəri aprelin 18-də Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılıb.

İmran Əliyev Cinayət Məcəlləsinin 206.3.1-ci (qaçaqmalçılıq - təkrar törədildikdə) və 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.

Jurnalist ittihamı qəbul etmir, sifariş hesab edir.

Sayt rəhbəri saxlanmazdan bir neçə saat öncə hakimiyyətyönümlü "Qafqazinfo" saytında "Abzas Media" və "Toplum TV" işində yeni faktlar" adlı məqalə dərc olunub və orada İmran Əliyevin də adı çəkilib. Məqalədə o, qrant qaçaqmalçılığında ittiham olunub.

"Meclis.info" parlamentin fəaliyyətini monitorinq edən platformadır.

Azərbaycan hökuməti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Forum

XS
SM
MD
LG