Co Bayden administrasiyasının səlahiyyətlərinin sona çatmasına iki ay qaldığı bir vaxtda ABŞ Kyivin özünü Rusiya təcavüzündən müdafiə etmək səylərinə maliyyə, hərbi və diplomatik dəstəyi artırmaqdadır.
ABŞ milli təhlükəsizlik müşavirinin müavini Con Fayner bazar ertəsi brifinq zamanı Amerikanın Səsinə bildirib ki, Braziliyanın Rio-de-Janeyro şəhərində Bayden və dünyanın 20 ən böyük iqtisadiyyatının liderinin görüşdüyü “G20” sammitində ABŞ rəsmiləri Ukrayna ilə bağlı “mümkün olan ən güclü” bəyanata can atırlar.
Qərb diplomatları Rusiyanın həftəsonu Ukrayna ərazisinə son aylar ərzində keçirdiyi ən böyük hava hücumundan sonra Moskvanı daha sərt tənqid etməyə cəhdlərini yeniləyiblər.
Onlar həmçinin xəbərdarlıq ediblər ki, Rusiyanın artan müharibə səyləri Avropadan kənarda sabitliyi poza bilər. Bu ayın əvvəlində ABŞ və Ukrayna Şimali Koreyanın Rusiyanın Kursk bölgəsində Ukraynanın ələ keçirdiyi əraziləri geri qaytarmaq üçün Moskvaya kömək etmək üçün 10 mindən çox əsgər göndərdiyini açıqlamışdı.
Birgə liderlərin yekun bəyanatı hələ də müzakirə olunur, lakin Amerikanın Səsi tərəfindən görülən layihəyə və mətnin sosial mediada yayılan digər versiyalarına əsasən, bu bəyanat yalnız Birləşmiş Millətlər Təşkilatının prinsiplərini vurğulayan və Ukrayna və Qəzzada sülhə hörmət edilməsinin zəruriliyini vurğulayan geniş dildən ibarət olacaq.
Fayner etiraf edir ki, “G20”nin müxtəlifliyini nəzərə aldıqda, qlobal münaqişələr üzrə konsensusun tapılması çətin olur. “Böyük Yeddilik” daha çox həmfikir ölkələrindən ibarət olsa da, “Böyük İyirmiliyə”Rusiya, Çin və Qlobal Cənub ölkələri də daxildir.
Moskvanın Ukraynanı işğal etməsindən aylar sonra 2022-ci ildə Balidə keçirilən “Böyük İyirmilik” sammitindən bəri qlobal qrup münaqişəyə cavab verməkdə problemlərlə üzləşib.
Forum