Accessibility links

Rusiyanın Ukraynada hücumu nəticəsində 11 nəfər ölüb, 89 nəfər yaralanıb


Rusiyanın raket zərbəsi nəticəsində zədələnmiş yaşayış binası, Sumı, Ukrayna, 18 noyabr 2024-cü il
Rusiyanın raket zərbəsi nəticəsində zədələnmiş yaşayış binası, Sumı, Ukrayna, 18 noyabr 2024-cü il

Ukrayna rəsmilərinin verdiyi məlumata görə, Rusiyanın Ukraynanın şimal-şərqindəki Sumı şəhərinə hücumu nəticəsində 11 nəfər ölüb, ən azı 89 nəfər yaralanıb.

"Bazar axşamı Sumı şəhəri üçün cəhənnəmə çevrildi, Rusiyanın torpaqlarımıza gətirdiyi faciə", hərbi administrator Volodimir Artyuh Telegram kanalında yazıb.

Sumı vilayət prokurorları hücum nəticəsində 90 mənzilə, 28 avtomobilə, 2 təhsil müəssisəsinə və 13 binaya ziyan dəydiyini bildiriblər.

Hücum günün əvvəlində Rusiyanın Ukraynanın enerji infrastrukturunu kütləvi şəkildə bombalamasından, həmçinin ABŞ-ın Ukraynaya Rusiyadakı hərbi hədəfləri vurmaq üçün uzaqmənzilli ABŞ silahlarından istifadə etməsinə icazə verdiyi barədə xəbərlərdən sonra baş verib.

Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, ölkə və onun müttəfiqləri “Rusiyanı həqiqətən müharibəni bitirməyə məcbur etməyə” diqqət yetirməlidirlər.

“Bu gün Rusiya müharibədə ən böyük və ən təhlükəli hücumlarından birini etdi - 210 pilotsuz uçuş aparatı və raket, o cümlədən hipersəs və aeroballistik raketlər eyni vaxtda buraxıldı”, Zelenski gecə çıxışında bildirib.

Zelenski uzun müddətdir ki, Rusiya daxilində hədəfləri vurmaq üçün ATACMS adı ilə tanınan Ordu Taktik Raket Sisteminin istifadəsinə icazə verilməsi üçün lobbiçilik edir. O, müraciətində bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə danışıqlar müharibəni bitirmək üçün effektiv strategiya deyil.

“Bu, Putinlə söhbətlər, telefon zəngləri, qucaqlaşmalar vasitəsilə nəyəsə nail olmaq istəyənlərin hamısına cavabdır. Bu gün bu “sülh göyərçini” bizə daha bir “Kinjal” və “Kalibr” raketləri göndərdi. Bu, onun diplomatiyasıdır. Onun dili xəyanətdir”, Zelenski bildirib.

Uzaqmənzilli imkanlar

ABŞ rəsmisi və bu məsələ ilə yaxından tanış olan digər üç nəfərin sözlərinə görə, prezident Co Bayden Ukraynaya Rusiya daxilində daha dərin zərbələr endirmək üçün ABŞ tərəfindən təchiz edilmiş raketlərdən istifadə etmək icazəsi verib, Rusiya müharibəsini gücləndirmək üçün 12 min Şimali Koreya əsgərini yerləşdirdiyinə görə, uzaqmənzilli silahlara qoyulan məhdudiyyətləri yüngülləşdirib. Bu barədə Associated Press məlumat yayıb.

Son həftələrdə Putin, Şimali Koreyadan olanlar da daxil olmaqla, Ukraynanın şimal sərhədi boyunca əraziləri geri qaytarmaq üçün qoşun yerləşdirib.

Bayden Ukraynada müharibənin hər hansı eskalasiyasına qarşı idi və Putin deyib ki, NATO müttəfiqləri Ukraynaya Rusiya ərazisinə hücum etmək üçün silahlarından istifadə etməyə icazə verərsə, Moskva başqalarına Qərb hədəflərini vurmaq üçün uzaqmənzilli silahlar verə bilər.

Lakin Zelenski uzaqmənzilli silahların məhdudlaşdırılmasının Ukraynanın Rusiyanın hücumlarına qarşı müdafiəsinə mane olduğunu iddia edib. Onun sözlərinə görə, uzunmənzilli imkanlar Ukraynanın qələbə planının əsas komponentidir.

“Bu gün mediada bizim müvafiq tədbirlər üçün icazə almağımızla bağlı çoxlu söhbətlər gedir. Amma hücumlar sözlə həyata keçirilmir. Belə şeylər açıqlanmır. Raketlər öz sözünü deyəcək. Mütləq deyəcək", Zelenski bildirib.

Rusiya 59 pilotsuz uçuş aparatını vurub

Bu arada Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya gecə boyu 59 Ukrayna dronunu vurub.

“Ötən gecə Kyiv rejimi tərəfindən Rusiya Federasiyası ərazisində hədəflərə qarşı terror hücumları həyata keçirmək cəhdlərinin qarşısı alınıb”, nazirliyin bəyanatında deyilir.

Nazirlik bildirib ki, dronların əksəriyyəti Ukrayna ilə həmsərhəd üç regionda vurulub: 45-i Bryanskda, 6-sı Kurskda və 3-ü Belqorodda.

Paytaxtın cənubunda yerləşən Tula bölgəsində üç pilotsuz təyyarə ələ keçirilib, daha ikisi isə Moskva vilayətində vurulub.

Bazar ertəsi Ukrayna Hərbi Hava Qüvvələri gecə hücumu zamanı Rusiyanın 11 pilotsuz təyyarəsindən 8-ni vurduğunu bildirib.

Bu xəbərdə Associated Press, Reuters və Agence France-Press-in məlumatlarından istifadə edilib.

Forum

XS
SM
MD
LG