Azərbaycanda 2025-ci ildə inflyasiyanın 5.8 faiz olacağı gözlənilir.
Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 18-də keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
“Apardığımız təhlillər göstərir ki, 12 aylıq inflyasiya göstəriciləri apardığımız antiinflyasiya tədbirlərindən də təsirlənib. Mərkəzi Bankın 2024-cü ilin sonuna inflyasiya proqnozu 5,1 faizdir. İyul ayında bu göstərici 5,4 % idi”, o bildirib.
Onun sözlərinə görə, gələn il dövlət büdcəsi xərclərinin inflyasiyaya təsiri davam edəcək.
Azərbaycanın müstəqil iqtisadçıları hesab edir ki, ölkədə inflyasiyanı bir rəqəmli səviyyəyə endirmək üçün bazar iqtisadiyyatına keçid sürətləndirilməli, rəqabətlilik yaradılmalıdır.
İqtisadçıların sözlərinə görə, son illərdə Azərbaycanda ərzaq inflyasiyası yüksək olub.
Öz növbəsində bu ilin iyulunda ABŞ Dövlət Departamenti 2024-cü il - İnvestisiya Mühiti Hesabatını yayıb.
Hesabatın Azərbaycana aid bölməsində deyilir ki, Azərbaycan hökuməti xarici sərmayələri cəlb etməyə çalışsa da, öz iqtisadiyyatını şaxələndirmək və tender prosesinə müəyyən qədər şəffaflıq gətirmək üçün islahatlar aparsa da, bu ölkədə investisiya mühiti çətin olaraq qalır.
“Azərbaycan iqtisadiyyatı ixrac gəlirlərinin təxminən 90 faizini və dövlət büdcəsinin yarıdan çoxunu təşkil edən neft və qaz hasilatından ciddi şəkildə asılı olaraq qalır. 2023-cü ildə Azərbaycan iqtisadiyyatı 1,1 faiz, Azərbaycanın istehlak qiymətləri indeksi isə illik müqayisədə 8,8 faiz artıb. Ölkənin İqtisadiyyat Nazirliyinin proqnozuna görə, illik inflyasiya 2024-cü ildə 5,3 faiz, 2025-ci ildə isə 4,9 faiz təşkil edəcək”, hesabatda qeyd edilir.
Forum