"Abzas Media"nın 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan baş redaktoru Sevinc Vaqifqızının (Abbasova) ailə üzvləri onun zorakılığa məruz qaldığını deyirlər. Noyabrın 16-da jurnalistlə görüşən ailə üzvləri onun qolunda zorakılıq izlərinin olduğunu bildirirlər.
"Ələ yaxın, iç bilək hissəsində yumurta boyda göyərmə izi var. Həmin əlinin baş barmağının iç damarı partlayıb və orta barmağı da partlayıb. Göy zədə Nərgizin də əlində var. Onun da ələ yaxın hissəsində təxminən yumurta boyda göyərmə var. Həmin formada zədə Elnarədə də var. Hadisə noyabrın 14-də gecə saatlarında baş verib. Nərgiz öz kamerasındakı qapıda yerləşən nəfəsliyə yaxın dayanıbmış, nəzarətçi onun bu hərəkətinin qanunsuz olduğunu, qapıya yaxın durmamalı olduğunu bildirib. Nərgiz nəzarətçinin bu tələbinə cavabında deyib ki, " burada qanunsuz nə var ki?" və nəticədə mübahisə yaranıb. Nəzarətçi Nərgizə ləçər və həyasız deyərək onu təhqir edib", ailə üzvləri bildiriblər.
Hadisəni nəql edən Sevinc Vaqifqızının yaxınlarının sözlərinə görə, Nərgiz Absalamova və nəzarətçi arasında yaranan mübahisəni jurnalist başqa kameradan eşidib və etiraz edib.
"Daha sonra hamısının qapısındakı nəfəsliyi bağlayıblar. Deyiblər ki, həm kişilərin, həm də qadınların qapısındakı nəfəsliklər Elnur müəllimin (təcridxananın rəisi Elnur İsmayılov) göstərişi ilə bağlanıb. Sevincin kamerasında epilepsiya xəstəsi olan qadın var, havasızlıqdan qadının ürəyi gedib, bu zaman Sevinc kameranın qapısını döyüb ki, nəfəslikləri açsınlar. Digər kameralardakı məhbuslar da qapıları döyməyə başlayıblar, bəzilərində hamilə qadınlar var və onlar da kamerada havasız qalıblar", deyə, jurnalistin ailə üzvləri bildirib.
Ailə üzvləri qeyd edir ki, hadisə zamanı nəzarətçi nəfəsliyi açıb, Sevinc Vaqifqızı nəfəslik yenidən bağlanmasın deyə qolunu həmin nəfəsliyin qapağının arasına uzadıb, nəzarətçi isə nəfəsliyin qapağını qəsdli şəkildə bağlayıb.
"Sevincin qolundakı göyərmə elə bu vaxt yaranıb, qolu nəfəsliyin qapağının arasında qoyulub. Sevinc də deyib ki, içəridə havasızlıqdan ölən var, burada qanımı töksəniz də əlimi çəkməyəcəm. Ədalət adlı nəzarətçi gəlib deyib ki, "bu, rəisin göstərişidir", Sevinc isə ona deyib ki, "rəis gəlib kamerada otursun, görsün burada havasızlıqdan dayana bilərmi, rahat otağında oturub məhbusların həyatı ilə bağlı qərar verir". Məhbuslar havasızlıqdan kameraların qapılarını döyməyə davam ediblər. Səs-küyün dayanmadığını görən Əli adlı nəzarətçi nəfəslikləri açdırıb", yaxınları bildirib.
Nərgiz Absalamova və Elnarə Qasımovanın da xəsarət gördüyünü bildirən Vaqifqızının yaxınları qeyd edir ki, nəzarətçilər jurnalistin ikisinə də təzyiq göstərib.
"Elnarəyə xəsarət yetirən Aynur Heydərova adlı nəzarətçidir. Vahid adlı nəzarətçi isə digər məhbuslardan izahat alır ki, guya Elnarə nəzarətçilərə təzyiq göstərib. Belə bir şey planlayıblar ki, onun barəsində yeni cinayət işi açsınlar. Sevinc dedi ki, onun qolunu əzən Əzizə adlı, Nərgizi təhqir edən Şəhla adlı nəzarətçidir. Bildirdi ki, Lənkərandan nəzarətçilər gətirilib ki, COP29 vaxtı həssas dönəmdir deyə həbsxanadan heç bir şikayət olmasın", deyə, Vaqifqızının ailə üzvləri deyir.
Sevinc Vaqifqızı ona və digərlərinə göstərilən qanunsuz hərəkətlərin ictimailəşməsini istəyib.
"Nərgizə və onun kamera yoldaşlarına ailəsi ilə açıq görüş verilmir, onlara deyilib ki, sizə görüşü Nərgizə görə vermirik. Məqsədləri odur ki, məhbusları Nərgizə qarşı qaldırsınlar. Sevinc dedi ki, vəkili Aqil Layıcla görüşə icazə verilmir ki, onun qolundakı izi görməsin. O, vəkillərinin təcridxanaya gəlməsini istəyir. Sevinc bildirdi ki, onlara olunan təzyiqlərlə bağlı heç bir tədbir görülməsə jurnalistlər aclıq aksiyasına başlayacaqlar. Onun sözlərinə görə, həbsxanada onlara qarşı bu davranış Nərgizin təcridxanada həkimin olmaması, dərman verilməməsi, Sevincin COP29-la bağlı yazısıdır, məqsəd onları susdurmaqdır. Elnur İsmayılov Nərgizin Sevincin qapısındakı nəfəsliyə yaxınlaşmasını qanunsuz kimi qələmə verir və deyir ki, bu qayda pozuntusudur. Sevinc ona deyib ki, bu qanunsuz deyil, çünki digər məhbuslar da onun nəfəsliyinə yaxınlaşır və istintaq dövrü də artıq çoxdan bitib. Bu yolla da onlara təzyiq etməyə çalışırlar", ailə üzvləri deyib.
Vəkil Aqil Layıc noyabrın 15-də 1 saylı Bakı İstintaq Təcridxanasında Sevinc Vaqifqızı ilə görüşmək istəyib. Vəkil görüş üçün lazım olan sənədi də təqdim edib. Təcridxana rəhbərliyi görüşə icazə verməyib. Bunu kamerada sayım getməsilə əlaqələndiriblər. Ancaq Sevinc Vaqifqızı xəsarətləri görməsin deyə vəkili ilə görüşə icazə verilmədiyini deyib.
Penitensiar Xidmətdən və 1 saylı Bakı İstintaq Təcridxanasından mövqe almaq mümkün olmayıb.
"Ülvi Həsənlinin saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasındakı işgəncə faktları barədə yazandan sonra Elnur İsmayılov tərəfindən sistematik şəkildə qeyri-insani rəftara məruz qalır". Bu barədə "Abzas Media"nın direktoru Ülvi Həsənlinin həyat yoldaşı Rübabə Quliyeva oktyabrın 4-də məlumat yayıb.
Quliyevanın sözlərinə görə, onun saxlanıldığı kameranın qapısındakı nəfəslik yayın isti günlərinə baxmayaq işgəncə məqsədi ilə bağlı saxlanılırdı. Rübabə Quliyeva həyat yoldaşına qarşı təzyiqin bununla bitmədiyini deyib.
"7 sentyabr tarixində Ülvi məhkəməyə aparılarkən Sevinc Vaqifqızını görüb, onlar salamlaşmaq istəyəndə Nail adlı "konvoy" (Penitensiar xidmətin əməkdaşı) tərəfindən Sevincin və digər türmə işçilərinin gözünün qabağında Ülvini vəhşicəsinə divara çırpıb və kürəyindən vurub", o bildirib.
Avqustun 21-də isə Rübabə Quliyeva sosial şəbəkələrdə Ülvi Həsənlinin həyatına təhlükə olduğu barədə məlumat yayıb.
Onun sözlərinə görə, avqustun 21-də Həsənli ilə növbəti telefon danışığında o bildirib ki, işgəncə faktları barədə yazandan sonra kamerasındakı bir nəfər ona qarşı xüsusilə təxribat xarakterli hərəkətlər edir.
"Ülvi dedi ki, narkotik ittihamı ilə həbs edilən təxminən 60 yaşlı bir şəxs bu məsələdən sonra xüsusilə onunla dava salmağa çalışır, ona durduğu yerdə hücum edir. Hətta bir neçə dəfə cibindən kəsici alət çıxararaq Ülvini hədələyib. Həmin adam barəsində yekun məhkəmə hökmü çıxarılsa da, hələ də həbsxanaya köçürülmür, təcridxanada saxlanılır. Ülvi hesab edir ki, bu şəxsi ona qarşı təxribat yaratması üçün orada saxlayırlar", o bildirib.
Həmin dövrdə Penitensiar Xidmət iddianı təkzib edib.
İyulun 31-də Ülvi Həsənlinin saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasındakı işgəncə faktları və işgəncəni həyata keçirən şəxslərdən bəhs edildiyi bildirilən "Məhbusları çarmıxa çəkib döyür, dəhlizlərdəki barmaqlıqlardan asırlar" adlı məqaləsi dərc olunub.
Məqalədə Həsənli son altı ayda qeydə aldığı işgəncə faktlarını təsvir etdiyini bildirir.
"Abzas Media" işi ilə bağlı nə baş verib?
"Abzas Media" ilə bağlı cinayət işi üzrə saytın direktoru Ülvi Həsənli ötən ilin noyabrın 20-də həbs olunub. İstintaqın həmin gün onun evində və "Abzas Media"nın ofisində axtarış apardığı və ofisdən 40 min avro pul tapıldığı bildirilib.
Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı həbs olunub. Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub.
Mayın 30-da isə "Abzas Media" işi üzrə iqtisadçı Fərid Mehralızadə saxlanılıb. İyunun 1-də Xətai Rayon Məhkəməsi iqtisadçı barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib. Mehralızadə məhkəmədə təqsiri olmadığını və "Abzas Media" ilə heç bir işgüzar fəaliyyətinin olmadığını deyib.
Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib.
Bu ilin avqust ayında isə "Abzas Media işi" üzrə həbs olunanlara qarşı 7 maddə ilə əlavə ittihamlar irəli sürülüb. Onlar Cinayət Məcəlləsinin 192.3.2-ci, 193-1.3.1-ci, 193-1.3.2-ci, 206.4-cü, 320.1-ci və 320.2-ci, 213.2.1-ci maddələri ilə (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma) maddələri ilə ittiham olunurlar.
Sentyabrın 9-da "Abzas Media işi" üzrə həbsdə olan şəxslərin ibtidai istintaqının yekunlaşdırıldığı bildirilir.
"İndi bütün təqsirləndirilən şəxslər və onların vəkilləri ayrı-ayrılıqda istintaq materialları ilə tanış olacaq. Daha sonra iş baxılması üçün məhkəməyə göndəriləcək", vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib.
Həmin iş üzrə bir sıra vətəndaş cəmiyyəti nümayəndəsi müxtəlif vaxtlarda Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində dindirilib, daha sonra sərbəst buraxılıblar.
Həbs olunanların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu deyir.
Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.
Azərbaycan hakimiyyəti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.
Forum