Hüquq müdafiəçiləri Tehranın Evin həbsxanasında saxlanılan sənətkar və siyasi fəal Murtəza Pərvinin ehtiyac duyduğu tibbi müalicədən məhrum buraxıldığını bildirir.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinə istinadən, Murtəza Pərvinin yırtıq və bel ağrısı səbəbilə vəziyyətinin ağırlaşmasına baxmayaraq hələ də ixtisaslaşdırılmış tibbi yardımla təmin edilmir.
HRA siyasi məhbusa yaxın bir mənbəyə istinadən yazıb ki, “bel diski və yırtıq xəstəliyindən əziyyət çəkən cənab Pərvinin ixtisaslaşdırılmış müalicəyə ehtiyacı var. O, iki aya yaxındır ki, həbsxana klinikasının vədi ilə mütəxəssis həkim tərəfindən müayinə olunmağı gözləyir. Ancaq, bu indiyədək mümkün olmayıb və onun vəziyyətinin ağırlaşmasına səbəb olub. Klinika ona ancaq ağrıkəsici yazır ki, bu da fəalın indiki durumunda təsirli deyil.”
Murtəza Pərvin fevral ayının 5-7-si tarixlərində İran Azərbaycanı, eləcə də Gilan, Əlburz və Tehran vilayətlərində nəzarət altına alınan 30-a yaxın türk fəallardan biri olub. Tehran İnqilab Məhkəməsi bu fəalları “nizama qarşı təbliğat”, “milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq” və casusluq kimi ittihamlardan təqsirli bilərək 3 ildən 13 ilə qədər həbsə məhkum edib.
Əslən Ərdəbildən olan Pərvinə qarşı 6 il həbs cəzası çıxarılıb. O, keçmiş illərdə də göstərdiyi mədəni və siyasi fəaliyyətlərinə görə İranın məhkəmə və təhlükəsizlik orqanlarının təzyiq və təqiblərinə məruz qalıb.
Forum