Accessibility links

İran Beyrutdakı danışıqlardan sonra Livana dəstək vəd edib


İranın yüksək rütbəli rəsmisi cümə günü deyib ki, Tehran “hər bir şəraitdə” Livanın yanında olacaq.

Birləşmiş Ştatlar və digərləri İsrail və Livanın Hizbullah silahlı qruplaşması arasında atəşkəs razılaşmasını təmin etməyə çalışır.

İranın ali ruhani liderinin baş müşaviri Əli Laricani cümə günü Beyruta gedib və Livanın müvəqqəti baş naziri Nəcib Mikati ilə danışıqlar aparıb. O, bu danışıqlardan sonra jurnalistlərə açıqlamasında deyib ki, İran “Livan xalqını və onun rəsmilərini dəstəkləyir”.

O, İranın problemləri həll etməkdən başqa heç nəyi pozmaq istəmədiyini deyib. Laricani Hizbullahı “müdrik hərəkat”, Livanı isə müdrik millət adlandırıb. O deyib ki, “ onlar özləri bilirlər ki, hansı tədbirləri görməlidirlər”.

Laricani əlavə edib ki, İran vəziyyətin “mümkün qədər tez” düzələcəyinə və cənubdan köçmək məcburiyyətində qalan insanların evlərinə qayıda biləcəyinə ümid edir.

İran Livanda Hizbullaha, Qəzzada HƏMAS-a dəstək verir. Hər iki qrup ABŞ, İngiltərə və digər Qərb ölkələri tərəfindən terror təşkilatı kimi tanınıb.

Müşavirin şərhləri İranın İsraillə danışıqlar yolu ilə atəşkəs razılaşmasını dəstəkləyəcəyinə birbaşa işarə kimi qiymətləndirilir. Laricaninin səfəri Livan rəsmiləri və mediasının ABŞ-ın ölkədəki səfiri Liza Consonun Hizbullahı təmsil edən danışıqlara rəhbərlik edən parlament sədri Nəbih Berriyə İsrail-Hizbullah sülh təklifi layihəsini təqdim etməsindən bir gün sonraya təsadüf edir.

Laricani cümə günü spikerlə ayrıca görüş keçirib. Təklifin təfərrüatları açıqlanmayıb və ABŞ-ın Beyrutdakı səfirliyi xəbərləri nə təsdiq, nə də təkzib edib.

Forum

XS
SM
MD
LG