Accessibility links

İqlim fəalı Qreta Tunberq COP29-a qarşı aksiyaya çağırıb


Qreta Thunberq Stokholmda İsveç parlamenti qarşısında "İqlim naminə tətil" aksiyası keçirir, 30 noyabr, 2018.
Qreta Thunberq Stokholmda İsveç parlamenti qarşısında "İqlim naminə tətil" aksiyası keçirir, 30 noyabr, 2018.

İsveçli iqlim fəalı Qreta Tunberq (Greta Thunberg) noyabrın 11-də Tbilisidə Azərbaycanda başlanan COP29 sammitinə qarşı aksiyaya çağırış edib.

Aksiyaya "Avtoritarizmə, "yaşıl yuyulmaya" (greenwashing), müharibəyə və kapitalist istismarına qarşı duruş sərgiləyin!" şüarı altında çağırış edilib.

Tunberq bu barədə "Instagram" səhifəsində paylaşım edib.

Fəal hamını noyabrın 11-də saat 11-də Gürcüstanın paytaxtı Tbilisidəki "Azadlıq" meydanında (Puşkin Parkı) Qafqazı bürüyən avtoritarizm və istismar dalğasına qarşı mitinqə qoşulmağa səsləyib:

"Bizə qoşulun və Qafqazda sürətlə yayılan avtoritarizm və istismara qarşı mübarizəyə dəstək olun. Azərbaycan COP29-dan fasad kimi istifadə edərək, yalançı bir "yaşıl" gündəmin arxasında gücünü möhkəmləndirir və regional gərginlikləri artırır".

Fəal qeyd edib ki, 20 ildən çoxdur ki, Əliyevin rəhbərliyindəki Azərbaycan rejimi insanları təzyiq altında saxlayaraq yoxsulluq, qorxu və susqunluğu artırıb.

"Bu avtoritar tendensiya təkcə Azərbaycanda yox, region üzrə geniş yayılıb - İvanişvili, Putin, Ərdoğan, İranın teokratik rejimi kimi liderlər nəzarəti dərinləşdirir, fərqli fikirləri boğur, öz xalqlarını sıxışdırır və ermənilər, ukraynalılar, kürdlər və digər etnik azlıqlara qarşı müharibə və etnik təmizləmə həyata keçirərək qəddar siyasətlərinə bəraət qazandırmağa çalışırlar"-deyə, Tunberq əlavə edib.

Fəal çağırışında bildirib ki, azad fikrini səsləndirən jurnalistlər, fəallar və alimlər tez-tez həbsə məhkum edilir və zorakılığa məruz qalırlar:

"Avtoritar meylə istiqamətlənmənin qarşısında Qərbin kollektiv rolu danılmazdır, çünki o, enerji və qazanc naminə repressiv rejimləri legitimləşdirir və maliyyələşdirir. Qərb dövlətləri resurlar müqavilində zülmə göz yumur, onlar Qafqaz xalqlarının üzləşdiyi repressiyaların və əzabların şəriyinə çevrilirlər".

Tunberq çağırışın sonunda əlavə edib ki, onlar real azadlığın, bərabərliyin, ədalətin və mənfəətin deyil, insanların prioritet olduğu bir bölgənin tərəfdarıdırlar.

"Qafqaz feminist, müharibə əleyhinə olan hərəkatımız avtoritarizmin, müharibənin və kapitalist tamahının boğucu təsirindən azad bir gələcək tələb edir"- deyə, sonda fəal qeyd edib.

Hər il fərqli ölkələrin ev sahibliyi etdiyi 29-cu "Tərəflərin Konfransı" (Conference of the Parties) noyabrın 11-dən 22-dək Azərbaycan paytaxtı Bakının Olimpiya stadionunda keçirilir.

Bundan əvvəlki tədbir isə COP28 keçən il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutub.

COP29-un bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, QHT-ləri və digər maraqlı tərəfləri bir araya gətirən böyük tədbirdir. Bakıdakı COP29-da əsas mövzularının iqlim dəyişikliyinin təsirinin və iqlim dəyişikliklərinin təsirlərindən zərər görən ölkələr üçün nəzərdə tutulan maliyyələşməsi olacağı açıqlanıb.

Bir sıra beynəlxalq təşkilatlar bəyanatlarında Azərbaycanın COP29-a ev sahibliyi etdiyi dövrdə insan hüquqlarının vəziyyətinə, müstəqil jurnalistlərin həbsinə, eləcə də vətəndaş cəmiyyətinin məhvinə diqqət çəkib.

"Amnesty International" təşkilatı yaydığı sənəddə qeyd edir ki, Azərbaycana COP29-da sədrlik verildiyi andan etibarən müsbət dəyişiklik baş verməyib.

"Əslində, Azərbaycanda insan hüquqları sahəsində ağır vəziyyət 2023-cü ilin dekabrından etibarən daha da pisləşib. Hakimiyyət sammitdə "hamının səsinin eşidilməsini təmin etdiyini" iddia edir, amma bu il onlar ondan çox fəalı və jurnalisti təqib edib və iqlim böhranına qarşı mübarizə aparan əsas şəxsləri susdurub", hesabatda deyilir.

Son bir ildə ölkədə 20-yə yaxın jurnalist, ictimai fəal müxtəlif ittihamlarla həbs olunub.

Onların arasında korrupsiya araşdırmaları ilə tanınan "AbzasMedia"nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), "Toplum TV"nin həmtəsisçisi Ələsgər Məmmədli, kanalın əməkdaşı Müşfiq Cabbar, "III Respublika Platforması"nın spikeri Akif Qurbanov, "meclis.info" saytının rəhbəri İmran Əliyev, "III Respublika Platforması"nın qurucu heyət üzvü Ruslan İzzətli, "Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi"nin rəhbəri Anar Məmmədli və digərləri var.

Onların hamısı ittihamları rədd edir, korrupsiya araşdırmalarına, jurnalist və hüquq müdafiəçisi fəaliyyətlərinə görə saxta ittihamlarla həbs olunduqlarını bəyan edirlər.

Azərbaycan hakimiyyəti isə bir qayda olaraq tənqidi bəyanatlarla razılaşmır və onları qərəzli hesab edir. Eyni zamanda, insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.

Forum

XS
SM
MD
LG