Tehranın Evin həbsxanasında həbs cəzasını çəkməkdə olan türk dil hüquqları fəalı Mahmud Ocaqlının şərti azadlıq tələbi rədd edilib.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi və Günaz TV kimi mənbələr siyasi fəalın müraciətinin Tehran vilayəti Apellyasiya Məhkəməsinin 36-cı şöbəsi tərəfindən təmin olunmadığını yazıblar.
Günaz TV-nin xəbərinə görə, Ocaqlının məzuniyyətə çıxması üçün yüksək məbləğdə mülki zəmanət tələb edildiyinə görə siyasi fəal məzuniyyət haqqından da yararlana bilmir.
“Ocaqlı ailəsinin 2 milyard tümən dəyərində mülki zəmanət təmin edə bilmədiyinə görə milli fəalın məzuniyyət haqqı ləğv edilib,” deyə Günaz TV-nin veb səhifəsində bildirilib.
Keçən iyul ayında da İranın Ali Məhkəməsi Mahmud Ocaqlının işinə yenidən baxılması barədə müraciətini rədd etmişdi.
2022-ci ilin dekabr ayından bəri Tehranın Evin həbsxanasında saxlanılan Ocaqlı 2023 ilinin iyul ayında Tehran İnqilab Məhkəməsi 15-ci şöbəsinin hakimi Əbülqasım Salavati tərəfindən 16 il həbsə məhkum olunmuşdu.
Avqust 2023-də siyasi fəalın şikayətinə baxan Tehran vilayətinın Apellyasiya Məhkəməsinin qərarına görə isə, o, “qanunlara qarşı toplaşmaq və əlbir olmaq” ittihamı ilə əlaqədar 5 il, “İslam Respublikası nizamına qarşı təbliğat fəaliyəti” göstərməkdən 1 il və “milli təhlükəsizliyi pozmaq məqsədi ilə əhalini iğtişaş və müharibəyə təşviq etmək” ittihamından 5 il həbsə məhkum edilib.
Tehranın Apellyasiya Məhkəməsi Ocaqlı haqqında çıxarılan məhrumiyyət cəzalarını da qüvvədə saxlayıb. Onun 2 il müddətinə siyasi partiya, qrup və təşkilatlara üzv olmasına, media və sosial şəbəkələrdə fəallığına və ölkədən çıxışına qadağa qoyulub. Ocaqlı əlavə olaraq türk dili və Azərbaycan tarixi ilə bağlı İranın rəsmi siyasətinə uyğun olaraq yazılmış bəzi kitablar, o cümlədən “Azərbaycan tarixi, mədəniyyəti və dili ilə bağlı suallar və cavablar” adlı kitabı oxuyub və xülasəsini yazmağa məhkum olunub.
Forum