Accessibility links

Jurnalist Polad Aslanovun cəza kamerasına salındığı bildirilir


"Xeberman.com" saytının rəhbəri Polad Aslanovun 15 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüldükdən sonra cəza kamerasına ("karser") salındığı bildirilir. Bu barədə onun həyat yoldaşı Gülmira Aslanova məlumat yayıb.

"Noyabrın 5-də axşam Penitensiar Xidmətdən mənə bildirdilər ki, Polad "karser"ə salınıb. Onlar bunu Poladın aclıq etməsi və təcrid edilməli olması ilə izah ediblər, sanitariya hissəsində yer olmadığına görə isə onun karserə salındığını bildiriblər. Əslində onu sadəcə olaraq cəzalandırıblar", deyə Aslanova bildirib.

Noyabrın 6-da səhər o, həyat yoldaşının vəziyyətini öyrənmək üçün Cəzaçəkmə Müəssisəsinə gəlib. Onun sözlərinə görə, ona əri ilə görüşə, telefon söhbətinə icazə verilməyib.

Jurnalist Polad Aslanov noyabrın 4-də "siyasi məhbuslara azadlıq" tələbi ilə aclıq elan edib. Bundan sonra o, 1 saylı Cəzaçəkmə Müəssisəsindən 15 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Həyat yoldaşı bildirib ki, həmin Cəzaçəkmə Müəssisəsində şərait daha pisdir.

Məsələ ilə bağlı Penitensiar Xidmətdən mövqe almaq mümkün olmayıb.

"Xeberman.com" saytının rəhbəri Polad Aslanov 12 iyun 2019-cu ildə İranın xeyrinə casusluq ittihamı ilə - Cinayət Məccələsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. O, 16 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Aslanov bütün ittihamları təkzib edir, xüsusi xidmət əməkdaşları arasında korrupsiya faktlarını ifşa etdiyinə görə təqib olunduğunu bildirir.

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.

Beynəlxalq təşkilatlar Aslanovun həbsini pisləyib və onu azad etməyə çağırıblar.

Sonradan Ali Məhkəmə Aslanovun həbs müddətini 13 ilə qədər azaldıb.

Azərbaycan hakimiyyəti isə bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.

Forum

XS
SM
MD
LG