Accessibility links

Dünya liderləri Trampı seçkilərdə qələbə münasibəti ilə təbrik edirlər


ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp və ABŞ-ın keçmiş birinci xanımı Melaniya Tramp seçki gününün axşamında Florida ştatının Vest Palm Biç şəhərindəki Konvensiya Mərkəzində keçirilən tədbirdə iştirak edir.
ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp və ABŞ-ın keçmiş birinci xanımı Melaniya Tramp seçki gününün axşamında Florida ştatının Vest Palm Biç şəhərindəki Konvensiya Mərkəzində keçirilən tədbirdə iştirak edir.

Media orqanlarının proqnozları Donald Trampın 2024-cü il ABŞ prezident seçkisində həlledici qələbə əldə etdiyini göstərəndən sonra dünya liderləri Trampa təbriklərini çatdırıblar.

Tramp Demokrat rəqibi Kamala Harrisi məğlub edib. Bu da keçmiş Respublikaçı prezident üçün dörd il vəzifədən kənarda qaldıqdan sonra tarixi bir siyasi dönüşdür.

Çərşənbə günü erkən saatlarda bir çox dünya lideri X sosial media vebsaytında Trampı təbrik edib. Onun təxmin edilə bilməyən “Amerika Birinci” xarici siyasət yanaşması ilk vəzifə müddətində ABŞ-ın bir çox müttəfiqləri və düşmənləri ilə münasibətləri qəlizləşdirib.

İsrailin Baş naziri Benyamin Netanyahu dəstək mesajı göndərən ilk ABŞ müttəfiqlərindəndir. O, Trampın “tarixi qayıdış”ını tərifləyib və bunun "İsrail və Amerika arasında böyük ittifaqa təkrar sadiq olmaq" imkanı yaratdığını bildirib.

Rusiyanın hərbi müdaxiləsinə qarşı mübarizə aparmaq üçün ABŞ və Qərbin daha çox dəstəyinə çağırış edən Ukrayna Prezidenti Volodimir Zelenski Trampın, onun sözləri ilə desək, ümumdünya məsələrində “güc yolu ilə sülh” əldə etmək öhdəliyi barədə müsbət danışıb.

“Məhz bu prinsip Ukraynada ədalətli sülhü yaxınlaşdıra bilər. Mən ümid edirəm ki, biz bunu birlikdə həyata keçirəcəyik,” Zelenski bildirib.

Trampın uzun müddətdir Avropanın müdafiəsi üçün kifayət qədər iş görməməkdə tənqid etdiyi Qərbin hərbi alyansı olan NATO-nun başçısı da Trampa təbrik mesajında bənzər şərhlər edib.

“Onun rəhbərliyi yenə də Alyansımızı güclü saxlamaq üçün əsas olacaq. Mən sülhü güc yolu ilə #NATO vasitəsilə inkişaf etdirmək üçün onunla yenidən işləməyi səbirsizliklə gözləyirəm,” NATO-nun baş katibi Mark Rutte bildirib.

Fransa Prezidenti Emmanuel Makron da təbriklərini çatdıraraq, bildirib ki, o, “sizin və mənim inamımla… dörd il ərzində etdiyimiz kimi, birlikdə işləməyə hazır”dır.

Britaniya Baş naziri Keir Starmer deyib ki, onun hökuməti azadlıq, demokratiya və təşəbbüs kimi ümumi dəyərləri müdafiə etmək üçün “çiyin-çiyinə” dayanır.

“Mən bilirəm ki, Böyük Britaniya-ABŞ arasında xüsusi münasibətlər, inkişaf və təhlükəsizlikdən tutmuş, innovasiya və texnologiyaya qədər Atlantik okeanın hər iki tərəfində gələcək illər ərzində çiçəklənməyə davam edəcək” Starmer bildirib.

Aİ Komissiyasının prezidenti Ursula von der Leyen Trampı “ürəkdən təbrik” etdiyini deyib və Avropa İttifaqı ilə Birləşmiş Ştatlar arasında “əsl tərəfdaşlığı” yüksək qiymətləndirdiyini bildirib.

Trampın ilk vəzifə müddətində Aİ ilə ABŞ arasında, qismən Trampın Avropadan ixraclara tariflər tətbiq etməsi səbəbilə, gərginlik yaranmışdı.

Trampın mühafizəkar müttəfiqi olan Macarıstan baş naziri Viktor Orban Trampın qələbəsini “ABŞ-ın siyasi tarixində ən böyük geri dönüş” adlandırıb və bunun dünya üçün “çox lazımlı qələbə” olduğunu deyib.

Rusiya Prezidenti Vladimir Putin ABŞ-dakı seçkilərin nəticələrini şərh etməyib. Lakin Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev X-də Harrisin məğlubiyyəti ilə bağlı “Kamala bitdi... qoy o, yoluxucu qəhqəhəsini çəkməyə davam etsin” deyib.

Asiya liderləri də təbrik mesajları göndərməyə başlayıblar.

Avstraliyanın Baş naziri Antoni Albanes “avstraliyalılar və amerikalılar böyük dost və əsl müttəfiqdirlər” deyib.

Hindistanın Baş naziri Narendra Modi dostu adlandırdığı Trampa "ən səmimi təbrikləri"ni çatdırıb.

"Siz öncəki müddətdə əldə etdiyiniz uğurları artırdığınız bir vaxtda, mən ABŞ-Hindistan münasibətlərini daha da gücləndirmək üçün əməkdaşlığımızı nəzərdən keçirməyi səbirsizliklə gözləyirəm," Modi deyib.

Filippin prezidenti Ferdinand Markos Jr. isə verdiyi açıqlamada Vaşinqton və Manila arasındakı "sarsılmaz ittifaqın" regionda və Sakit okeanın hər iki tərəfində firavanlıq və dostluq yolunu alovlandıracaq yaxşılıq qüvvəsi olacağına ümid etdiyini bildirib.

Forum

XS
SM
MD
LG