Accessibility links

Fələstinlilərin səhiyyə rəsmiləri İsrailin Qəzzaya zərbələri nəticəsində 30 nəfərin öldüyünü bildirib


Fələstinlilərin səhiyyə rəsmiləri çərşənbə axşamı İsrailin Qəzza zolağına bir sıra hava zərbələri nəticəsində azı 30 nəfərin öldüyünü bildirib. Rəsmilərin bildirdiyinə görə, bazar ertəsi axşam saatlarında Beyt Lahiyada köçkün ailələrinin sığındığı evə hücum olub, azı 20 nəfər həlak olub.

Digər ölümcül zərbələr isə Qəzza şəhəri, Zuveyda və Deyr əl-Bələhdə baş verib.

İsrail ordusu çərşənbə axşamı bildirib ki, onun qüvvələri ötən gün ərzində Qəzzanın mərkəzi və cənubunda militantları və onların infrastruktur obyektlərini məhv edib.

İsrail və Hizbullah arasında 13 aydır davam edən qarşıdurmada Livanda ölənlərin sayı 3000-i ötüb. Onların böyük əksəriyyəti sentyabrın ortalarında hərbi əməliyyatların kəskin şəkildə artması və İsrailin oktyabrın 1-də Livanın cənubunu işğal etməsindən sonra həlak olub.

Livanın Səhiyyə Nazirliyi 13 mindən çox insanın yaralandığını bildirib. Bu kiçik ölkədə bir milyondan çox insan didərgin düşüb.

İsrail deyir ki, ölənlər arasında yüzlərlə Hizbullah üzvü var. İsrail həmçinin qrupun yüksək lideri Həsən Nəsrullahı və bir neçə yüksək səviyyəli komandiri öldürməyə müvəffəq olub.

İsrailin baş nazirinin ofisinin məlumatına görə, Hizbullahın raket və pilotsuz uçuş aparatlarının hücumları nəticəsində 30-u əsgər olmaqla, 72 nəfər həlak olub.

Bu arada Livanın müvəqqəti baş naziri Nəcib Mikati İsraillə müharibəni dayandırmaq, mülki əhalini və tibbi qrupları, eləcə də ölkənin mədəni irsini hücumlardan qorumaq üçün “dərhal beynəlxalq təzyiqə” çağırıb.

İsrail qədim Tir və Baalbek şəhərlərinə dəfələrlə hava zərbələri endirib, onlar qədim xarabalıqlarına ziyan vurmaq təhlükəsi ilə üzləşib.

Forum

XS
SM
MD
LG