ABŞ-ın cənub-şərqində Atlanta ştatında ölkənin ən çoxmillətli dairələrindən biri çərşənbə axşamı keçirilən prezident seçkilərində erkən nəticələri açıqlayanlar arasında olacaq. Amerikanın Səsinin ölkə müxbiri Stiv Herman Atlanta şəhəri yaxınlığında yerləşən Qvinet dairəsindən məlumat verir.
Mühüm ştatlardan biri olan Corciyada Qvinet dairəsində Seçicilərin Qeydiyyatı və Seçki Mərkəzində fəaliyyətlər davam edir.
İşçilər poçt vasitəsilə və erkən səs verən seçicilər tərəfindən göndərilən bir neçə yüz min bülleteni əvvəlcədən skanerdən keçirir.
Bu bülletenlərin nəticələri çərşənbə axşamı saat 19:00-da seçki məntəqələri bağlandıqdan sonra açıqlanacaq.
Dairə seçkilərinə rəhbərlik edən Zak Manifold Amerikanın Səsinə bildirib ki, bu bülletenlərdə verilən səslərin təxminən 70 faizi ilk bir saat ərzində məlum olacaq.
Qvinet dairəsinin seçki rəsmisi Zak Manifold: “Sonra bir növ uzun gecə başlayır. Birinci seçki dairəmizdən bülletenlər adətən saat 8:30 radələrində gəlir, bu da növbənin yeddidə nə qədər olmasından asılıdır. Amma birinci seçki dairəsi üçün saat 8:30-dur. 156 seçki dairəsi var. Səbəbini bilmirəm, amma sonuncudan bülletenlər həmişə 11:30 ilə gecə yarısı arasında gəlir.”
Amerikanın Səsinin jurnalisti Stiv Herman: “Qvinet dairəsi müstəsna müxtəlifliyi ilə diqqəti çəkir, heç bir etnik qrup burada sakinlərin üçdə birindən çoxunu təşkil etmir.”
Qvinet dairəsinin seçki rəsmisi Zak Manifold: “Burada çox böyük ispan əsilli, asiyalı və qara əhali var. Bu, Amerikaya məxsus müxtəliflikdir. Ona görə də hesab edirəm ki, insanların Qvinetin [seçki gecəsi] necə göründüyünü görmək istəməsinin əsas səbəbi Qvinetin müasir Amerikaya çox bənzəməsidir.”
Demokrat Co Baydenin dörd il əvvəl bu şəhərətrafı dairədə üstünlüyü onun Corciya ştatında cüzi fərqlə qələbə çalması və bununla da Donald Trampı məğlub edərək prezident olmasına kömək etdi.
Qvinet dairəsi 1980-ci ildən 2012-ci ilə qədər hər il Respublikaçılara, lakin 2016-cı ildə az fərqlə Demokrat Hillari Klintona səs verib.
Donald Tramp həmin il Corciyada qalib gəldi və bu, onun gözlənilməz prezidentlik qələbəsinin açarı oldu.
Forum