ABŞ-ın keçmiş prezidenti Donald Tramp doqquz ildən çox müddət ərzində isteblişmentə əhəmiyyət verməyib, Respiblikaçılar Partiyasını yenidən şəkilləndirib və fikir ayrılıqlarının mövcud olduğu ölkədə daha da kəskin qütbləşmə yaradıb. Amerikanın Səsinin jurnalisti Tina Trinh Trampın tarixi qayıdış cəhdinə nəzər salır.
Bret Baier: “Fox News-un ekspertlər qrupu ehtimal edir ki, keçmiş vitse-prezident Co Bayden...
Savanna Qutri: “...Birləşmiş Ştatların prezidenti seçilib...”
Bu, son olmalı idi.
Lakin ABŞ-ın 45-ci prezidenti Donald Tramp məğlubiyyətini etiraf etməyə hazır deyildi.
ABŞ-ın keçmiş prezidenti Donald Tramp: “Əgər qanuni səsləri hesablasanız, mən asanlıqla qalib gəlirəm. Qanunsuz səsləri hesablasanız, onlar seçkini bizim əlimizdən almağa cəhd edə bilərlər”.
Tramp tərəfdarlarını 2021-ci il yanvarın 6-da Konqresin bu nəticələri təsdiq etməsinə mane olmağa çağırdı.
Donald Tramp: “Biz var gücümüzlə mübarizə aparırıq. Əgər var gücümüzlə mübarizə aparmasaq, o zaman sizin daha ölkəniz olmayacaq”.
Bunun nəticəsi Amerikada əvvəllər təsəvvür edilməyən və onun ikinci impiçmentinə gətirib çıxaran bir mənzərə oldu.
Trampın “yox” cavabını qəbul etməkdən imtina etməsi həmişə qaydalara laqeyd yanaşan bir insan üçün xas idi.
New York Times qəzetinin jurnalisti Rass Buttner: “Məncə, siz öz intuisiyasına inanılmaz dərəcədə arxayın olan bir insan görürsünüz.”
Rass Buttner və Suzann Kreq New York Times-ın araşdırmaçı jurnalistləri və Trampın özünü milyarderə necə çevirdiyi haqda “Lucky Loser” kitabının həmmüəllifləridir.
Rass Buttner: “O, 80-ci illərin əvvəllərindən demək olar ki, hər hansı bir sahədə ekspert olan insanlara etibar etmir. O, hər şeyin onun istədiyi kimi həyata keçirildiyinə əmin olmaq üçün həmişə onların qərarlarını rədd edəcək”.
Trampın binalarının üzərində böyük qızıl hərflərlə onun adı yazılırdı. Bu, onun ambisiyası və özünü reklam etməsinin cəsarətli təzahürü idi.
New York Times qəzetinin jurnalisti Suzann Kreq: “O, 200 milyon dollar sərvəti olduğunu deyirdi. Onun New York Times-a verdiyi müsahibə var idi. On il sonra “60 Dəqiqə” proqramında danışanda bu rəqəm bir milyard dollara yüksəldi.”
Tramp diqqəti cəlb etməyi və vasitəçi kimi özü üçün brend yaratmağı bacarıb. O, adını lisenziyalaşdırmaqla milyonlar qazanıb.
Lakin uğurun arxasında problemlər var idi. Onun şirkətləri altı dəfə müflis olduqlarını elan etdi. Onun kazinoları pul itirərək bağlandı.
Tramp “The Apprentice” televiziya şousu ilə geri qayıtdı və bu, onun ən böyük rolu üçün yol açdı.
Donald Tramp: “Xanımlar və cənablar, mən rəsmən Birləşmiş Ştatların prezidentliyinə namizədliyimi irəli sürürəm və biz ölkəmizi yenidən möhtəşəm edəcəyik.”
Tramp barışmaz, mübahisəli, qütbləşdirici və millətçi namizəd idi.
Donald Tramp: “Meksika öz adamlarını göndərəndə ən yaxşılarını göndərmirlər. // Narkotik gətirirlər, cinayət gətirirlər, təcavüzkardırlar və məncə, bəziləri yaxşı insanlardır.”
Prezident kimi Tramp Ali Məhkəməyə federal abort hüquqlarının ləğvinə kömək edən üç hakimi təyin etdi.
Volf Blitzer:“ABŞ-da ölənlərin sayı 150 mini keçib”.
2020-ci ilin əvvəlində COVID-19 pandemiyası Tramp üçün sınaq oldu. O, həyat qurtaran vaksinlərin inkişafını sürətləndirdi. Lakin o həmçinin göründüyü kimi, alimlərə virusu öldürmək üçün ağardıcı vurulmasını öyrənməyi təklif etdi.
9 milyondan çox amerikalının yoluxması və ölənlərin sayının 230 mini keçməsi ilə seçicilər noyabr ayında Co Baydeni növbəti prezident seçdilər.
Səlahiyyət müddəti başa çatdıqdan sonra Tramp çoxsaylı cinayət ittihamları ilə üzləşdi və cinayətdə mühakimə olunan ilk keçmiş prezident oldu.
Bununla belə, o, heç vaxt indiki qədər populyar olmayıb.
Bu il iki sui-qəsd cəhdindən sağ çıxması onunla tərəfdarları arasında bağları daha da gücləndirib.
Pam Smit, Trump tərəfdarı: “Tanrının Tramp üçün bir planı var. O, şübhəsiz bir məqsəd və səbəblə xilas oldu. Və mən ümid edirəm ki, o, 47-ci prezident olacaq”.
Donald Trampın gəlişindən sonra Amerika siyasəti bir daha əvvəlki kimi olmayıb.
Bir zamanlar “Geri dönüş sənəti”nin həmmüəllifi olan adam indi Amerika tarixində ən böyük qayıdışlardan birinin memarı ola bilər.
Forum