Accessibility links

Türkiyədə ABŞ prezidentlik yarışı diqqətlə izlənilir


Türkiyədə ABŞ-da prezident seçkiləri diqqətlə izlənilir
please wait

No media source currently available

0:00 0:03:24 0:00

Türkiyədə ABŞ-da prezident seçkiləri diqqətlə izlənilir

Rəsmi Ankarada ABŞ-da prezident seçkiləri diqqətlə izlənilir. Təhlilçilər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Donald Tramp və ya Kamala Harrisin qələbəsindən faydalanacağını bildirir, lakin hər iki ssenaridə Türkiyə lideri və onun istəkləri üçün risklərin olduğunu qeyd edir. İstanbuldan Amerikanın Səsinin müxbiri Dorian Cons məlumat verir.

ABŞ-da prezident seçkilərinə son günlərin qaldığı vaxt təhlilçilər Ankaranın nəticəni Türkiyə-ABŞ münasibətləri üçün vacib hesab etdiyini bildirirlər. Müşahidəçilər qeyd edirlər ki, Donald Tramp və Kamala Harrisin Türkiyə prezidenti Rəcəb Ərdoğana münasibəti fərqlidir.

İstanbulda İqtisadiyyat və Xarici Siyasət Araşdırmaları Mərkəzinin təhlilçisi Sinan Ülgen: “Trampın əvvəlki prezidentliyi dövründə Ərdoğan və Tramp arasında əlaqələr, ən yüksək səviyyədə siyasi əlaqələr güclü idi. Hazırda Bayden və Ərdoğan arasında münasibətlər və Kamala Harris qalib gəlsə, Harris və Ərdoğan arasında münasibətlər çox güman ki, daha səthi olacaq.”

Ərdoğan ABŞ seçkiləri ilə bağlı şərh verməkdən yayınır.

Lakin təhlilçilər qeyd edirlər ki, Trampın prezidentliyi dövründə ABŞ və Türkiyə liderləri Ərdoğanın Vaşinqtona dövlət səfəri də daxil olmaqla, 9 dəfə görüşüblər. Bunun əksinə olaraq, prezident Bayden Ərdoğanla yalnız bir dəfə, beynəlxalq sammitlər çərçivəsində qısa görüş keçirib.

Təhlilçilər ABŞ prezidentləri ilə şəxsi görüşlərin Ərdoğan üçün böyük əhəmiyyət daşıdığını deyirlər.

Vaşinqtonda Brukinqs İnstitutunun təhlilçisi Aslı Aydıntaşbaş: “Bu, onun daxili siyasətdəki mövqeyi və legitimliyi üçün çox vacibdir. O, fərdiləşdirilmiş bir sistem qurub, lakin eyni zamanda seçicilərini, xüsusən də bazasını önəmli bir lider olduğuna, Türkiyənin yüksəlişdə olduğuna, onun çox önəmli olduğuna inandırıb”.

Ərdoğan Trampın Ağ Evdə olduğu zaman Rusiyadan raketlər aldığına görə sanksiyaya məruz qalmasına baxmayaraq, tez-tez Trampla münasibətlərindən səmimi şəkildə danışır.

Tramp hətta Türkiyənin ABŞ-ın Suriyada dəstəklədiyi kürd qüvvələrinə hücum etməklə bağlı təhdidlərinə görə Türkiyə iqtisadiyyatını onun dediyi kimi, “tamamilə yox edib dağıdacağı” ilə hədələmişdi.

Tramp İsrailə HƏMAS və Hizbullaha qarşı müharibədə daha çox dəstəyə çağırır və təhlilçilər ABŞ və Türkiyə liderləri arasında yenidən fikir ayrılıqlarının yarana biləcəyini deyirlər.

Almaniya Marşal Fondunun Ankara ofisinin rəhbəri Özgür Ünlühisarcıklı: “Prezident Trampın Yaxın Şərq və fələstinlilərlə İsrail arasında münaqişəyə yanaşması Yaxın Şərqdə gərginliyi regional müharibənin qaçılmaz olacağı nöqtəyə çatdıra bilər. Ona görə də Trampın prezidentliyi Türkiyə üçün bir çox imkanlar gətirsə də, lakin çox yüksək risklər daşıyır”.

Bayden və Ərdoğan arasında birbaşa əlaqələr az olsa da iki NATO müttəfiqinin getdikcə daha çox əməkdaşlıq etməsi ilə Türkiyə-ABŞ münasibətləri yaxşılaşıb. Təhlilçilər ABŞ seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq, Ankara üçün həm faydalar, həm də riskləri gördüklərini deyirlər.

Vaşinqtonda Brukinqs İnstitutunun təhlilçisi Aslı Aydıntaşbaş: “Kamala Harris administrasiyası daha çox davamlılıq demək olsa da, Türkiyə-ABŞ münasibətlərində sabitlik vəd edir. Trampın necə olacağını isə əvvəlcədən təxmin etmək mümkün olmadığı üçün münasibətlər çox yaxşı, ya da çox pis, bir gün çox yaxşı, bir gün çox pis ola bilər”.

Yaxın Şərqdə müharibənin sonu görünmür və təhlilçilər Trampın gözlənilməzliyinin Ankara üçün risk yaratdığı barədə xəbərdarlıq edirlər, lakin Ərdoğanın çox güman Trampla əlaqələri yeniləməyə çalışacağını deyirlər.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. COP29-un Liderlər Sammiti başlanıb
please wait

No media source currently available

0:00 0:10:59 0:00
XS
SM
MD
LG