Xəzər rayonu 3-cü polis bölməsinin qarşısında dövlət orqanlarının laqeydliyinə etiraz olaraq intihara cəhd edən şəxs inzibati qaydada həbs olunub. Binə sakini Xəzər Rayon Məhkəməsinin qərarı ilə 8 sutka inzibati həbs cəzası alıb.
O, Bakıda oktyabrın 21-22-də yağan yağış zamanı evini və ərazidəki işıq transformatorunu su basması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinə, o cümlədən Daxili İşlər Nazirliyinin 102 xidmətinə, Qaz qəza xidmətiə zəng etdiyini deyib. Onun sözlərinə görə, ancaq Qaz qəza xidmətinin əməkdaşları operativ şəkildə əraziyə gəlib:
"Su yataq otağımıza qədər gəlib çıxmışdı. Trasformatorun da suyun içində qalması bir tərəfdən qorxudurdu. O biri qurumların da laqeydliyi lap əsəbiləşdirdi".
Binə sakininin məlumatına görə, o, Daxili İşlər Nazirliyinin 102 xidmətindən əlavə ərazi üzrə sahə inspektoruna da zəng edib.
Bundan sonra Binə sakini evdən benzin götürüb, 3-cü polis bölməsinin qarşısına gedib və orada dövlət orqanlarının laqeydliyinə etiraz olaraq özünü yandırmaq istəyib.
Xəzər Rayon Polis Bölməsinin əməkdaşları intihara cəhdin qarşısını alıb, sakin barəsində isə xuliqanlıq və polisin tələbinə tabe olmamaq ittihamlarıyla protokol tərtib edib, məhkəməyə çıxarıblar. O, inzibati həbs cəzası alandan sonra Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsinə göndərilib.
Bir neçə gün öncə evlərinə yağış sularının ziyan vurduğunu deyən və Binə qəsəbəsinə gedən yolu avtomobillərlə kəsərək etiraz aksiyası keçirən iki sakin inzibati qaydada həbs olunub.
Sakinlər Binə qəsəbəsinə gedən yolu avtomobillərlə kəsiblər və kanalizasiya quyusunun qapağını açıblar. Onlar bunu yola yığılmış suyun getməsi üçün etdiyini bildiriblər.
Yolu kəsməkdə, tıxac yaratmaqda, həmçinin polisə tabesizlik göstərməkdə ittiham olunan Binə sakinləri saxlanılaraq, Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsinə aparılıblar. Sakinlər barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddələrilə inzibati xəta protokolları hazırlanıb. Hər ikisi məhkəməyə aparılıb, lakin onların məhkəməsi ayrı-ayrılıqda keçirilib.
Hər iki məhkəmə prosesində hakimlər qərara gəlib ki, polisə tabesizlik barədə ittiham əsassızdır. Bu səbəbdən İXM-in 535.1-ci maddəsinə xitam verilib. İXM-in 510-cu maddəsilə isə hər iki sakinə 7 sutka inzibati həbs cəzası verilib.
Bu məlumata Daxili İşlər Nazirliyi və həbs edildiyi bildirilən şəxslərin yaxınlarından münasibət almaq mümkün olmayıb.
Oktyabrın 21-22-si Bakıda yağış bir sıra problemlərə yol açıb, həmçinin Sabunçu ərazisində su basmış tuneldə iki şəxs həyatını itirib. Paytaxtda tunelləri, küçələri, evləri su basıb, bəzi yerlərdə kanalizasiyalar daşıb. Nəqliyyat iflic vəziyyətə düşüb, avtobusların marşrut xətləri dəyişib.
Oktyabrın 23-də Nazirlər Kabinetində baş nazir Əli Əsədovun sədrliyi ilə bu məsələlərlə bağlı iclas olub. Nazirlər Kabinetinin məlumatına görə, iclasda yağışın fəsadları ilə bağlı vəziyyətin araşdırıldığı, yekun qərar qəbul ediləcəyi qeyd olunub.
Müstəqil ekspertlər isə hesab edir ki, son onilliklərdə Bakıda su və kanalizasiya problemlərini həll etmək üçün milyard manatlarla pul ayrılıb, lakin onların xərclənməsində heç bir şəffaflıq olmayıb. Onlar bildirirlər ki, meydana çıxan problemlərin əsas səbəbi bu layihələrin icrasında yol verilən pozuntulardır.
Forum