Müəlliflik hüququ məsələsi sadəcə çap və ya musiqi sənayesi kimi diqqət mərkəzində olan sahələr üçün deyil, həm də rəssamlıq, heykəltəraşlıq kimi incəsənət sahələri üçün də önəmlidir. Rəssam Günel Ravilovanın dedikləri rəssamların bu sahədə yaşadıqları problemləri ortaya qoyur. Ancaq sadəcə müəlliflik hüququnun pozulması yox, müəlliflik hüququnun alınmasındakı çətinliklər də rəssamlara problemlər yaradır. Rəssamların mübarizəsi yaradıcılıqlarını qorumaq üçün təkcə öz əsərlərini deyil, həm də sənət dünyasının gələcəyini də əhatə edir.
Rəssam Günel Ravilova müəlliflik hüququ ilə bağlı problem yaşayan rəssamlardan biridir. O, qarşılaşdığı problemlər haqqında danışaraq incəsənət adamları arasında müəlliflik hüquqları barədə maarifləndirmə səviyyəsi aşağı olduğunu və bununla bağlı təlimlərə ehtiyac olduğunu deyib:
“Bir neçə il əvvəl incəsənət adamlarının öz əsərləri üçün müəlliflik hüququ almağa görə müraciət edəcəyi bir qurum var idi. Ancaq indi belə bir qurumun olub-olmaması haqqında məlumatım yoxdur.
Rəssamlarda tez-tez başqalarının əsərlərini təkrarən çəkmələrinə, başqalarının işlərindən oğurluq halları ilə rastlaşırıq. Bunun qarşısını almaq üçün də müəlliflik hüququ almalıyıq. Ancaq problem sadəcə bu da deyil. Məsələn, bir neçə il əvvəl mənim bir əsərimi qalereya qaytarmaq istəmirdi, məndən pul tələb edirdi. Mən buna görə polisə şikayət etməli oldum”.
G.Ravilova əsərlər üçün müəlliflik hüququ almağa görə Mədəniyyət Nazirliyinə müraciət edilməli olduğunu deyib.
Lakin burada da məlumatlılığın az olduğu görünür. Hüquqşünas Ramil Əfəndi müəlliflik hüququ haqqında danışarkən bildirib ki, fiziki və hüquqi şəxslər tərəfindən icra edilmiş hər hansı bir əqli mülkiyyət nümunəsi Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində qeydiyyata alınmalıdır. O, müəlliflik hüququ barədə maarifləndirmə və təlimlərin, eləcə də hüquqi dəstəyin yalnız hüquqi xidmət olduğunu bildirib və əlavə edib ki, rəssamlar əgər belə bir hüquqdan istifadə edirlərsə, bu sahədə peşəkarlaşan hüquqşünasların xidmətindən istifadə edə bilərlər:
“Xidmətlərdən istifadə etmədikdə isə özləri, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə fərdi qaydada müraciət etməklə onların hüquqlarının qeydiyyata alınmasına dair müraciət edə bilərlər. Müəlliflik Hüququ və Əlaqəli Hüquqlar haqqında Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinin 4 və 5-ci bəndlərinə əsasən, sənədləri toplamalıdırlar və rəsm əsərinin fotoşəkli ilə birlikdə təqdim etməlidirlər”.
Rəssam Günel Ravilova müəlliflik hüququ prosedurunun asanlaşdırılmasının önəmindən danışarkən deyib ki, incəsənət xadimlərinin işləri oğurlanmamadır:
“Onların əsərləri qorunmalıdır və heç kim tərəfindən təkrarlanmamalıdır. Buna görə də ümidvaram, müəlliflik hüququnu almaq prosesi asanlaşar. Onsuz da əsərlərin oğurlanmaması, problemlə rastlaşmamaq üçün müəlliflik hüququ alınmalıdır”.
Hüquqşünas R.Əfəndi qarşılaşılan hüquqi və bürokratik maneələr haqqında sualımızı cavablandırarkən söyləyib:
“Ümumiyyətlə, proses 15 iş günü ərzində aparılır. 30 manat dövlət rüsumu ödənilir. Rast gəlinən ən çox hüquqi, bürokratik çətinlik daha çox sənət əsərinin orijinal versiyada təqdim olunmağının tələb edilməsidir. Mən bunu, əslində, normal hesab edirəm. Amma bilirsiz, indi elektron rəssamlıq deyə bir rəssamlıq da var. Elektron rəssamlıqla məşğul olan şəxslər dövlət agentliyinə işlədikləri proqramla bağlı məlumatı, o cümlədən ərsəyə gətirdikləri sənət əsərinin elektron versiyalarını təqdim etməlidirlər. Bürokratik maneə burada daha çox məmurlar tərəfindən, dövlət qulluqçuları tərəfindən qəbul olunmaqla bağlı məsələlər ola bilər. Çünki onlar təqdim olunan əqli mülkiyyət nümunəsini bir sıra konvensiyalar çərçivəsində fəaliyyət göstərən ölkələrin sistemlərində eyniləşdirib tutuşdurur və ondan sonra həmin rəsm əsərinə dair mülkiyyət hüququ təqdim edirlər.
Hüquqşünas onu da əlavə edib ki, rəssamların hüquqi müdafiə vasitələri Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə tənzimlənir:
“Cinayət Məcəlləsinin 165-ci maddəsinə əsasən, müəllif hüquqlarından və ya əlaqəli hüquq obyektlərindən qanunsuz istifadə etmə elmi, ədəbi, bədii və ya digər əsəri öz adı ilə nəşr etdirmə, ondan sonra özgənin müəllifliyi ilə mənimsəmə xeyli miqdarda, yəni 1000 manatdan yuxarı miqdarda zərərə səbəb olursa, 1000 manatdan 2000 manata cərimə və ya 320 saatdan 480 saata qədər ictimai işlərlə cəzalandırılır. Əgər eyni əməl iki və daha çox şəxs tərəfindən qrup şəklində törədilərsə, təkrar şəkildə törədilərsə, 4000 manatadək inzibati qaydada cərimə cəzası və iki ilə qədər azadlığın məhdudlaşdırılması və iki ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Rəssamlarımız bilməlidirlər ki, onların hüquqları və mənafeləri qanuni əsasla qorunur”.
Forum