Accessibility links

Milli fəal Əmir Bədri cərimə cəzasına məhkum edilib


Şərqi Azərbaycan vilayətinin Baş Ədliyyə İdarəsi
Şərqi Azərbaycan vilayətinin Baş Ədliyyə İdarəsi

Təbrizdə yaşayan milli fəal Əmir Bədri, Təbriz İnqilab Məhkəməsi tərəfindən "İran İslam Respublikası sisteminə qarşı təbliğat aparmaq" ittihamı ilə 30 milyon rial cərimə ödəməyə məhkum edilib. Bu qərar, onun sosial mediada paylaşdığı məzmunlar əsasında çıxarılıb.

Araznews-un yaydığı məlumata görə, məhkəmənin qərarı Əmir Bədrinin özünə birbaşa elan edilməyib, vəkili vasitəsilə ona şifahi şəkildə çatdırılıb.

Keçən ilin noyabr ayında təhlükəsizlik qüvvələri Əmir Bədrinin atasının evində reyd keçirərək, onun elektron cihazlarını, o cümlədən mobil telefonunu müsadirə etmişdilər. Həmin hadisədən sonra o, azı iki dəfə təhlükəsizlik qüvvələri tərəfindən dindirilməyə çağırılıb və saatlarla sorğu-sual edilmişdi.

Bədrinin məhkəmə iclası bu ilin iyul ayında baş tutmuşdu.

İranda siyasi və ictimai fəallar, xüsusilə sosial mediada hakimiyyətə qarşı tənqid səsləndirənlər tez-tez təqiblərə məruz qalırlar. Onlar "sistemə qarşı təbliğat" ittihamı ilə mühakimə olunaraq, ya həbs, ya da cərimə cəzası ilə qarşılaşırlar. Əmir Bədri də bu ittihamla 3 aylıq həbs cəzası əvəzinə 30 milyon rial cərimə ödəməyə məhkum edilib.

İranda qlobal sosial şəbəkələrin əksəriyyəti bloklanmış olsa da, hökumət qurumları sosial mediaya nəzarəti davam etdirir. Kiberpolis, Ədliyyə Nazirliyinə bağlı monitorinq qurumları, Kəşfiyyat Nazirliyi və İran İslam İnqilabı Keşikçiləri Korpusunun Kəşfiyyat xidməti bu platformalarda fəaliyyət göstərən istifadəçiləri izləyir. Hakimiyyətə tənqidi yanaşan fəalların fəaliyyəti monitorinq olunur və müəyyən edildikdən sonra onlar təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək məhkəməyə cəlb olunurlar.

Əmir Bədri, Təbriz Universitetində metallurgiya ixtisası üzrə təhsil alıb və tələbəlik illərində tələbə fəalı kimi tanınıb. Həmçinin, o, həmin universitetdə Azərbaycanşünaslıq Ocağının katibi kimi də fəaliyyət göstərib.

Forum

XS
SM
MD
LG