Accessibility links

Avropa Məhkəməsi Azərbaycanla bağlı qərarlarını elan edib


Avropa İnsan Haqları Məhkəməsi
Avropa İnsan Haqları Məhkəməsi

Avropa İnsan Haqları Məhkəməsi oktyabrın 17-də Azərbaycandan göndərilmiş on iki ərizə üzrə yeddi qərar və qərardadını elan edib. Üç ərizə qəbul edilməz sayılıb, yerdə qalan bütün işlərdə iddia edilən pozuntular tanınıb.

Bu barədə Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının Monitorinq qrupunun rəhbəri Xalid Ağaliyev Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, Avropa Məhkəməsi Azərbaycana münasibətdə 2-ci dəfə dövlət orqanının jurnalistin sorğusuna cavab verməməsini ifadə azadlığı hüququnun pozuntusu kimi tanıyıb.

Hüquqşünas deyir ki, 2012-ci ildə jurnalist Natiq Adilov Maliyyə Nazirliyinə sorğu verib, dövlət büdcəsindən Bakı Dövlət Universitetinə ayrılmış vəsaitin xərclənmə durumu ilə bağlı maliyyə hesabatının surətini istəyib.

Yekunda jurnalist hesabatı ala bilməyib, məhkəmələr də onun şikayətlərini rədd edib.

Avropa Məhkəməsi öz qərarında qeyd edir ki, nazirliyin jurnalistə istədiyi hesabatı verməməsi onun informasiya alma və yayma hüququna müdaxilə təşkil edib. Hesabat doğrudan da nazirlikdə olub, nazirliyin cavabı faktiki imtina məzmununda olub. Nazirlik hesabatı verməkdən imtina etməsini qanunla əsaslandıra bilməyib və 10-cu maddənin (fikri ifadə etmək azadlığı) pozuntusu baş verib.

Məhkəmə 10-cu maddənin pozuntusunun tanınmasının ərizəçi üçün yetərli mənəvi zərər əvəzi təşkil etdiyi qənaətinə gəlib. Qərara görə, ərizəçiyə hüquqi xərc və məsrəflərə görə 1500 avro təzminat ödənilməlidir.

Ərizəçini AİHM qarşısında Media Hüququ İnstitutunun hüquqşunasları təmsil ediblər.

AİHM-in digər bir qərarı isə Simuzər Babayeva Azərbaycana qarşı iş üzrədir.

Bu işdə ərizəçinin qardaşının həbsxanada ölümü və olayın doğru araşdırılmaması ilə bağlıdır.

AİHM yaşamaq (2-ci maddə) və işgəncəyə məruz qalmamaq (3-cü maddə) hüquqlarının həm prosedur, həm də maddi baxımdan pozulduğuna qərar verib. Qərara əsasən, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 35 min, xərc və məsrəflər əvəzi 1500 avro ödəməlidir.

Rəsmi versiyaya görə, ərizəçinin qardaşı 2014-cü ildə həbsxanada vəfat edib, ərizəçiyə telefonla bu haqda məlumat verilib, ölümün səbəbi ilə bağlı əlavə təfərrüatlar ona bildirilməyib. Ərizəçi morqa gedib, qardaşının meyitinə baxış keçirib. Ərizəçi bildirir ki, qardaşının bədənində, xüsusən qollarında, ayaqlarının altında, boynunda, onurğasında və üzündə çoxsaylı zorakılıq əlamətlərini müşahidə edib, müxtəlif fotoşəkillər çəkib. Hadisə baş verən gün həmçinin etiraz əlaməti olaraq, olayların yaşandığı 1 saylı Cəzaçəkmə Müəssisəsində iğtişaş baş verdiyi bildirilir. 2015-ci ilin yanvarında Qaradağ Rayon Prokurorluğunda olayla bağlı cinayət işi (vəzifə səlahiyyətlərini aşma) başlanıb. Ancaq uzun araşdırmalardan sonra həmin cinayət işinə xitam verilib.

Konvensiyanın 2-ci (yaşamaq hüququ), 3-cü (işgəncəyə məruz qalmamaq) və 13-cü maddələrinə əsaslanan ərizəçi dövlətin həbsxanada qardaşının həyatını qoruya bilməməsindən, qardaşının həbsxana nəzarətçiləri tərəfindən işgəncəyə məruz qalmasından, mühafizəçilər tərəfindən qətlə yetirilməsindən və qardaşının ölümü ilə bağlı hər hansı səmərəli araşdırma aparılmamasından şikayət edib.

Ərizəçini AİHM qarşısında hüquqşunas Xalid Bağırov təmsil edib.

Məhkəmənin elan etdiyi digər bir qərar isə Rauf Rzayev və başqaları Azərbaycana qarşı işdir.

Bu məhkəmə işi Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə yeni park komplekslərinin tikintisi zamanı park salınacaq ərazilərdəki yaşayış və qeyri-yaşayış sahələrinin, sakinlərin köçürülməsi ilə bağlıdır.

Qeyd olunan ərazilərdə evləri, mənzilləri və qeyri-yaşayış obyektləri olan ərizəçilər evlərinin, obyektlərin sökülməsi, köçürülmələri prosesi zamanı onların Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ), 8-ci (şəxsi həyata hörmət) və habelə, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə (mülkiyyət hüququ) qorunan hüquqlarının pozulmasından şikayət edib.

AİHM bu işdə ərizəçilər - R.Rzayev, Fərrux Xudayarov, Solmaz Qaffarova, Başxanım Abbasova, İrina Svyataslovskaya, Niyazi Məhəmmədinin hər birinə münasibətdə mülkiyyət hüququnun pozuntusunu tanıyıb.

Ərizəçilərdən R.Rzayev 603 min, Fərrux Xudayarov 128 min 650, Solmaz Qaffarova 197 min 580, Başxanım Abbasova 258 min 118, İrina Svyataslovskaya 180 min 700, Niyazi Məhəmmədi isə 89 min 690 manat maddi, mənəvi və xərclər əvəzi tələb edib. AİHM qərarında ədalətli əvəzin müəyyən edilməsi ilə bağlı qərar verməyə hazır olmadığını ifadə edərək, tərəflərə razılaşma üçün 3 ay vaxt verib.

Həmin müddət çərçivəsində razılaşma olmazsa, AİHM ədalətli əvəz ödənilməsi ilə bağlı qərar verəcək.

Ayna Əlizadə Azərbaycana qarşı iş üzrə AİHM bu işdə də mülkiyyət hüququnun pozuntusunu tanıyıb. Məhkəmə ədalətli əvəzlə bağlı razılaşma üçün tərəflərə 3 ay vaxt verib. Ərizəçi AİHM qarşısında 147 min 494 manat məbləğində maddi tələb irəli sürüb.

Bu iş Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə yeni park komplekslərinin tikintisi zamanı park salınacaq ərazilərdəki yaşayış və qeyri-yaşayış sahələrinin, sakinlərin köçürülməsi ilə bağlıdır.

Ərizəçi Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ), 8-ci (şəxsi həyata hörmət) və habelə, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə (mülkiyyət hüququ) qorunan hüquqlarının pozulmasından şikayət edib.

Zöhrab İsmayılov, Aslan Əhmədov, Malik Kərimov Azərbaycana qarşı iş üzrə ərizəçi AİHM qarşısında mülkiyyət və şəxsi həyata hörmət hüququnun, ədalətli məhkəmə araşdırması pozulduğunu iddia edib.

AİHM ərizəçinin bütün iddialarını əsassız sayaraq, ərizəni qəbuledilməz elan edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Kyiv Rusiyanın Ukraynaya qitələrarası ballistik raket atdığını bildirib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG