Elmira Ağadiyeva 8 ildir ki, evinin bir hissəsini pişiklər üçün sığınacaq edib. Heç bir yerdən gəliri olmamasına baxmayaraq, qonşuların köməyi ilə pişiklərin qayğısına qalır.
Hazırda 50-dən çox pişiyə baxan Elmira Ağadiyeva ixitsasca rəssamdır. 8 il öncə qarşısına sağlam olmayan pişik çıxıb və bu, Elmira Ağadiyevanın həyatını dəyişib. Deyir ki, pişiyin sağlamlığını bərpa edəndən sonra onu yenidən küçəyə buraxa bilmir və bundan sonra qarşısına çıxan və qayğıya ehtiyac duyan digər pişikləri də evinə gətirməyə başlayır.
Hazırda Elmira Ağadiyevanın ən böyük çətinliyi pişiklərə yemək və dərmanların alımmasıdır. Deyir ki, çox vaxt qonşuların, yaxud yaxınlıqdakı otellərin işçiləri yeməklə köməklik edirlər, amma bu, ehtiyacı ödəmir. Elmira Ağadiyeva xeyirxah insanların bu dəstəyin davamlılığını təmin edəcəyinə ümid edir.