Accessibility links

Prezident Bayden Milton qasırğasının vurduğu Florida ştatına gedir


Prezident Co Bayden Milton qasırğasının Florida ştatının körfəz sahillərindəki dağıntıları araşdıracaq və Konqresi fövqəladə fəlakətlər üçün əlavə maliyyə dəstəyini təsdiqləməyə çağıracaq.

Vitse-prezident Kamala Harris isə “Helen” qasırğasının vurduğu Şimali Karolinada Qara kilsədə olacaq və seçki kampaniyası keçirəcək.

Baydenin Sankt-Peterburq bölgəsinə səfəri ona noyabrın 5-də keçiriləcək seçkilərdən əvvəl daha çox yardım vəsaitinin Konqres tərəfindən təsdiqlənməsi üçün Nümayəndələr Palatasının spikeri Mayk Consona təzyiq göstərmək şansı verir. Conson məsələnin bundan sonra həll ediləcəyini bildirib.

Conson deyib ki, agentliklərin hələlik kifayət qədər pulu var və qanunvericilər seçkidən sonrakı sessiya zamanı maliyyə məsələsini nəzərdən keçirəcəklər.

"Düşünürəm ki, spiker Conson xüsusən də kiçik bizneslər üçün addım atmalı olduğu mesajını alacaq" - deyə, Bayden cümə günü Milton və Helen qasırğalarına federal reaksiyanı müzakirə etmək üçün Harris və köməkçiləri ilə görüşərkən bildirib.

Bayden və Conson hələ məsələni birbaşa müzakirə etməyib.

Ağ Evin bildirdiyinə görə, Bayden Florida ştatında bölgənin elektrik şəbəkəsinin dayanıqlığını artırmaq üçün qasırğalardan təsirlənən ərazilərdə altı Enerji Departamenti layihəsi üçün 612 milyon dollar elan etməyi planlaşdırır.

Maliyyələşdirməyə Floridadakı iki layihə üçün 94 milyon dollar daxildir: Gainesville Regional Utilities üçün 47 milyon dollar və Florida Power and Light ilə əməkdaşlıq üçün Switched Source-a 47 milyon dollar ayrılacaq.

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tram, Bayden administrasiyasının xüsusilə Helen qasırğasından sonra Şimali Karolinadakı reaksiyasının qənaərbəxş olmadığını bildirib. Bayden və Harris federal reaksiya ilə bağlı yalanları təbliğ etdiyi üçün Trampı tənqid edib.

Forum

XS
SM
MD
LG