Accessibility links

Müharibənin gücləndiyi vaxt Hizbullah Yom Kippur günündə İsrailə atəş açıb


İsrail əsgərlərinin Livan və Qəzzada militantlara qarşı döyüşdüyü bir vaxt Hizbullah şənbə günü yəhudi təqviminin ən müqəddəs günü olan Yom Kippurda İsrail hərbi bazasına raket zərbəsi endirdiyini bildirib.

Yəhudilərin Kəffarə günündə oruc tutduğu və dua etdiyi zaman bazarların bağlı olması, ictimai nəqliyyatın çalışmaması və döyüşlərin dayandırılması səbəbilə İsrail ətrafında şəhərlərdə sakitlik müşahidə edilirdi.

Lakin ölkə Hizbullah və HƏMAS-a qarşı müharibə apardığından qoşunlar şimal və cənub sərhədlərində döyüşlərə davam edir. Bu, İsrailin Livanda BMT-nin dörd sülhməramlısının yaralanması ilə bağlı tənqidlə üzləşməsi fonunda baş verir.

Livanda müharibə başlayandan bəri İsrailin hücumları nəticəsində liderini və hərbi rəhbərlərinin əsas simalarını itirən Hizbullah şənbə günü İsrailin Hayfa şəhərinin cənubundakı bir ordu bazasını raketlərlə vurduğunu bildirib.

Qrupun bəyanatında deyilir ki, Hizbullah döyüşçüləri oradakı partlayıcı fabrikini raketlərlə hədəfə alıblar.

Şənbə günü İsrailin şimalında hava hücumu sirenləri səsləndikdən sonra İsrail ordusu Livandan atılan mərmini vurduğunu bildirdi.

Yom Kippurdan bir neçə saat əvvəl İsrail Birləşmiş Millətlər Təşkilatının Livandakı sülhməramlı mövqeyini vurduğuna görə ciddi diplomatik reaksiya ilə üzləşdi.

Birləşmiş Millətlər Təşkilatının Livandakı missiyası cümə günü bildirib ki, iki Şri-Lanka sülhməramlısının yaralanması son iki gün ərzində ikinci bənzər hadisədir. Daha öncə baş verən hadisədə iki indoneziyalı sülhməramlı yaralanmışdı.

İsrail hərbçiləri bildiriblər ki, onlar missiyanın postunun təxminən 50 metrliyindəki təhlükəyə atəşlə cavab veriblər.

İsrail BMT-nin baş katibi Antoniu Quterreş, Qərb müttəfiqləri və digərləri tərəfindən qınaqlarla üzləşdiyi bir vaxtda hərbçilər “hərtərəfli araşdırma” aparmağa söz verdilər.

Forum

XS
SM
MD
LG