Rusiyanın Müdafiə Nazirliyi cümə axşamı bildirib ki, hava hücumundan müdafiə qüvvələri Ukraynanın Rusiya-Ukrayna sərhədindəki əraziləri hədəf alan 92 dronunu vurub.
Nazirliyin məlumatına görə, dronların yarısından çoxu Krasnodar üzərində vurulub. Orada qubernator Veniamin Kondratyev deyib ki, düşən qalıqlar bir neçə evə ziyan vurub, amma itki yoxdur.
Rusiyanın hava hücumundan müdafiə qüvvələri həmçinin Kursk, Rostov, Bryansk, Belqorod və Voronej regionları, habelə Azov dənizi və Rusiyanın işğalı altında olan Krım üzərində dronları vurub.
Ukrayna ordusu isə cümə axşamı bildirib ki, Rusiyanın gecə endirdiyi zərbələrdə istifadə etdiyi 62 drondan 41-ni vurub. Ukrayna hava qüvvələrinin bildirdiyinə görə, onlar Çerkası, Kyiv, Mikolaiv, Odesa, Poltava, Sumı və Zaporijye regionları üzərində vurulub.
Dnipropetrovskun qubernatoru Serhiy Lısak Telegramda deyib ki, Rusiyanın zərbəsi nəticəsində bir evə və Krıvıy Rihdə qaz boru xəttinə ziyan dəyib, azı iki nəfər xəsarət alıb.
Zaporijjye qubernatoru İvan Fedorov deyib ki, Rusiyanın hücumları nəticəsində onun regionunda bir neçə evə ziyan dəyib və dörd nəfərə xəsarət yetirilib.
Ukrayna Prezidenti Volodimir Zelenski cümə axşamı Baş nazir Keir Starmerlə danışıqlar üçün Britaniyaya səfər edib.
Zelenskinin cümə axşamı Londonda NATO Baş katibi Mark Rutte ilə görüşəcəyi, daha sonra isə Parisdə Fransa Prezidenti Emmanuel Makronla görüşəcəyi gözlənilir.
Müzakirələrdə diqqətin Zelenskinin Rusiyanın hərbi müdaxiləsinin qarşısını almaq üçün “qələbə planı”na yönələcəyi gözlənilir. Zelenski çərşənbə günü sammitdə deyib ki, plana Rusiya ilə hər hansı dialoqa daxil olmadan Ukraynanın “geosiyasi və döyüş meydanında mövqeyini gücləndirmək” daxildir.
Makronun ofisi bildirib ki, o, Fransanın “Fransanın uzun müddət ərzində və bütün tərəfdaşları ilə Ukraynaya və Ukrayna xalqına sarsılmaz dəstəyi davam etdirmək əzmini bir daha təsdiqləyəcək.” Bu barədə Yelisey Sarayı məlumat verib.
Bu, Zelenskinin Rusiyanın hərbi müdaxiləsi başlayandan bəri Fransaya beşinci səfəridir və Makron Fransada naməlum yerdə təlim keçirən Ukrayna qoşunlarının briqadasının bir hissəsini ziyarət edəndən sonraya təsadüf edib.
Fransada 4500 üzvlük Kyivin Annası briqadasına təlim keçirir. Briqadaya 1051-ci ildə Fransa kralı I Henri ilə evlənən Kyiv əsilli şahzadənin adı verilib. Digər 2200 əsgərə Ukraynada təlim keçirilir.
Fransa prezident aparatının rəsmisi deyib ki, ukraynalı əsgərlərin təlimi bir neçə aya başa çatacaq və təlimlər “onların yerdə üzləşəcəkləri vəziyyətlə tamamilə eynidir.”
Rəsmi deyib ki, qoşunlar təlim zamanı “real vəziyyətlərlə - stress, səs-küy, dronlarla- üzləşəcəklər.”
Fransa briqadanı avadanlıqla təchiz etməyi öz boynuna götürüb. Vəd edilən texnikaya 128 zirehli maşın, 19 Sezar haubitsa və 20 tank-əleyhinə raket daxildir.
Forum