Rusiya Prezidenti Vladimir Putin Gürcüstanın bütün vətəndaşları üçün vizasız rejim şərtlərini genişləndirib. Rusiyanın qanunvericilik aktları portalında dərc olunan fərmanın yeni variantında əvvəllər viza tələb olunan istisnalar artıq öz əksini tapmır.
Bu barədə TASS agentliyi məlumat yayıb.
Agentlik bildirir ki, Gürcüstan vətəndaşları üçün 2000-ci ildə tətbiq edilən viza rejimini ləğv edən fərman 2023-cü ilin mayında dərc edilib. Bununla belə, sənədin əvvəlki variantında Rusiya Federasiyasına “iş fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə və ya Rusiya Federasiyasında müvəqqəti qalmaq üçün 90 gündən çox müddətə, o cümlədən Rusiya Federasiyasında müvəqqəti qalmaq üçün” daxil olanlara viza tələbi saxlanılıb”.
Yeni sənəd heç bir kateqoriya istisna olmamaqla, Gürcüstanın bütün vətəndaşlarına vizasız giriş imkanı verir. Gürcüstandan gələn ruslar üçün viza rejimi 2012-ci ildə ləğv edilib.
İki ölkə arasında diplomatik əlaqələr 2008-ci ildə Rusiyanın Abxaziya və Cənubi Osetiyanı tanımasından sonra Tbilisi tərəfindən kəsilib. 2019-2023-cü illərdə Rusiya aviaşirkətlərinin Gürcüstana uçuşlarına, eləcə də ölkəyə turların satışına qadağa qoyulub.
TASS bildirir ki, hazırkı hakimiyyət Mixail Saakaşvilinin başçılıq etdiyi Gürcüstanın qərbyönlü rəhbərliyinin siyasətinin yanlışlığını etiraf edib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın Tbilisi, Sxinvali və Suxumi arasında sülhün əldə olunmasına kömək etməyə hazır olduğunu bildirib. Gürcüstan hakimiyyəti vəziyyəti normallaşdırmaq üçün konkret hərəkətlərə keçməyin vacibliyini qeyd edib.
Oktyabrın 4-də Rusiya Federasiyasındakı gürcü diasporunun rəhbəri David Tsetsxladze Rusiya Prezidenti yanında Millətlərarası Münasibətlər Şurasına daxil edilib.
Xatırladaq ki, Rusiya Prezidentinin fərmanının dərci Gürcüstanın hazırkı iqtidarının rusiyayönümül siyasət yürütdüyü iddiası ilə ABŞ və Qərb tərəfindən tənqid edildiyi bir vaxta təsadüf edir. Putin bu fərmanı həm də Gürcüstanda oktyabrın 26-da keçiriləcək parlament seçkiləri öncəsi imzalayıb.
Forum