Oktyabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Səbinə Məmmədzadənin sədrliyi ilə ailəsinin beş üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovu cəzadan azad edib. Məhkəmə qərarına əsasən, Əhməd Əhmədova Maştağa qəsəbəsində yerləşən ixtisaslaşmış psixatriya xəstəxanasında məcburi müalicə tətbiq ediləcək.
Bu ilin fevralın 13-də Əhməd Əhmədov aralarında yaranmış mübahisə zamanı atasını, anasını və azyaşlı qardaşını, bundan əvvəl başqa bir ünvanda bacısını və onun azyaşlı qızını qətlə yetirməkdə şübhəli bilinib. O, şübhəli şəxs qismində saxlanılıb və fevralın 14-də barəsində həbs qətimkan tədbiri seçilib. Daha sonra o, Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə ittiham irəli sürülüb.
Məhkəmənin Əhmədovu cəzadan azad etməsi barədə qərarı birmənalı qarşılanmayıb.
“Müdafiə Xətti” hüquq-müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Amerikanın Səsinə deyib ki, ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir.
“Belə olan halda şəxsin barəsində tibbi xarakterli məcburi tədbirlər həyata keçirilir. Məhkəmə-psixiatrik ekspertizası Əhmədin anlaqsız olması barədə rəy verib. Hesab edirəm ki, məhkəmənin hazırkı mərhələdə çıxardığı qərar hüquqidir və adekvatdır.
Bildirirəm ki, Əhməd sağalmadığı müddət ərzində onun haqqında tibbi xarakterli məcburi tədbirlər seçilir, stasionar qaydada psixatrik xəstəxanaya yerləşdirilir.
Anlaqsız şəxsin səhhətinin tam qaydasına düşməsi və ətraf mühitə, ictimaiyyətə birləşməsi mümkündür”, hüquq müdafiəçisi belə hesab edir.
Müsavat Partiyasının Məclisinin sədri Arif Hacılı isə məhkəmənin qərarını ədalətli hesab etmir.
“İfadəsində azyaşlını öldürməsinin motivini, öldürdüm ki, o da böyüyüb onlardan biri olacaqdı, deyə izah edən birinin hansı psixiatriya müalicəsindən söhbət gedə bilər? Çağırışçı kimi xidmət dövründə verilən əmrə əsasən bir restorana atdıqları qranatın partlaması nəticəsində ölən və yaralananların olması səbəbindən ömürlük həbs cəzası alan, indiyədək artıq 30 ildən çox həbsdə olan Arif Kazımov və Səfa Poladov azad edilmir, bu "cinayətkar" isə həbs cəzasından azad edilir. Bütün bunlar tamamilə sıradan çıxmış Ədalət Mühakiməsi sisteminin Azərbaycan cəmiyyətinə qarşı hörmətsizliyinin, həqarətinin daha bir sübutudur”, Hacılı Facebook səhifəsində yazıb.
Forum