Azərbaycan Milli Məclisində Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu ləğv olunub.
Oktyabrın 8-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” qərar layihəsi müzakirəyə çıxarılıb.
Parlamentin bu gün keçiriləcən plenar iclasına tövsiyə olunan qərar layihəsində Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrup yaradılması məsələsi əksini tapmayıb.
Keçən çağırış Azərbaycan parlamentinin Fransa ilə əlaqələr üzrə işçi qrupu Parisin "qeyri-konstruktiv mövqe" tutmasını əsas gətirərək fəaliyyətini yarımçıq dayandırmışdı.
Azərbaycan-Fransa münasibətləri İkinci Qarabağ müharibəsindən sonra tədricən pisləşməyə başlayıb. 2022-ci ilin sentyabrında Azərbaycan və Ermənistan arasında sərhəddə qanlı toqquşmalar, 2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağa tam nəzarəti bərpa etməsi və yerli erməni əhalinin bölgəni tərk etməsi ilə nəticələnən hərbi əməliyyatından sonra Fransanın Ermənistana siyasi və hərbi dəstəyi artırması ilə münasibətlər daha da gərginləşib.
Rəsmi Paris Azərbaycanı Qarabağ ermənilərinin hüquqlarını pozmaqda və Ermənistanın ərazi bütövlüyünü təhdid etməkdə, Bakı isə Fransanı Azərbaycanda separatçılığa dəstək verməkdə və Ermənistanı silahlandıraraq növbəti müharibəyə hazırlamaqda günahlandırır.
Münasibətlərin gərginləşməsi fonunda Fransa sentyabrın 4-də ikili vətəndaşlar da daxil olmaqla, öz vətəndaşlarına əsassız saxlanılma və həbslərə, ədalətsiz mühakimə riski ilə üzləşə biləcəklərini qeyd edərək Azərbaycana səfər etməməyi tövsiyə edib.
Forum