Oktyabrın 6-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak məqsədilə Rusiyanın Moskva şəhərinə işgüzar səfərə yola düşüb.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatına görə, səfər çərçivəsində nazir Bayramovun MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı, habelə yüksək səviyyəli görüşlərdə iştirakı nəzərdə tutulur.
MDB-nin rəsmi məlumatına görə, nazirlər oktyabrın 7-də beynəlxalq gündəliyin aktual problemləri və MDB formatında qarşılıqlı fəaliyyətlə bağlı fikir mübadiləsi aparacaqlar.
“Xarici İşlər Nazirləri Şurasının üzvləri MDB-yə üzv dövlətlərin xarici işlər nazirlərinin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq haqqında bəyanatını müzakirə etmək və qəbul etmək niyyətindədirlər. Xarici Işlər Nazirliklərinin rəhbərləri həmçinin 2025-ci il üçün çoxsəviyyəli nazirliklərarası məsləhətləşmələr planı, Gənclərin Beynəlxalq Əməkdaşlığı Strategiyasının həyata keçirilməsinə dair 2025-2026-cı illər üçün tədbirlər planı və 2024-2025-ci illər üçün fəaliyyət planı haqqında qərarlar qəbul edəcəklər.
Bundan əlavə, iclasda vəkillik, media və könüllülər hərəkatının inkişafı sahələrində baza təşkilatlarının yaradılması ilə bağlı qərarlar qəbul ediləcək”, məlumatda qeyd edilir.
24 sentyabr 1993-cü ildə MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycan MDB-yə üzv qəbul olunmasına dair qərar qəbul edilib.
Azərbaycan MDB çərçivəsində Ermənistan istisna olmaqla, digər bütün üzv ölkələrlə müxtəlif sahələrdə, xüsusən mədəniyyət, humanitar, elm və digər sahələrdə əməkdaşlıq həyata keçirir.
Azərbaycan hər il keçirilən MDB Dövlət Başçıları Şurası, Hökumət Başçıları Şurası, İqtisadi Şura, Xarici İşlər Nazirləri Şurası və üzv olduğu digər orqanların iclaslarında fəal şəkildə iştirak edir.
Forum