İsrail şənbə günü Livanı bombardman etməyə davam edərək, Beyrutun cənub ətrafına onlarla hava hücumu edib və həm Hizbullah, həm də HƏMAS döyüşçülərini hədəfə aldığı bir vaxtda ilk dəfə olaraq şimalda fələstinlilərin qaçqın düşərgəsinə zərbə endirib.
Fələstinli militant qrup bildirib ki, İsrailin Livanın şimalında Tripoli şəhəri yaxınlığında Beddavi düşərgəsinə hücumu nəticəsində HƏMAS-ın hərbi qolunun rəsmisi, habelə onun həyat yoldaşı və iki gənc qızı həlak olub. Agence France-Presse həmin rəsminin Səid Atallah Əli olduğunu müəyyən edib. HƏMAS daha sonra bildirib ki, İsrailin Livanın şərqində Bekaa Vadisinə hücumu nəticəsində qrupun hərbi qolunun bir başqa üzvü də ölüb.
İsrail ordusu son həftələrdə döyüşlərin artdığı Livanda HƏMAS-ın hərbi qolunun iki yüksək səviyyəli rəsmisini öldürdüyünü bildirib. İsrail -HƏMAS müharibəsi başlayandan bəri İsrail Livanda qərargahlanan Hizbullahın yüksək səviyyəli rəhbərlərindən əlavə HƏMAS-ın bir neçə rəsmisini də öldürüb.
Hizbullahın mövcudluğunun çox olduğu Beyrutun sıx məskunlaşan əraziləri üzərində səmanı qalın tüstü bürüyüb. İsrail bildirir ki, Hizbullahın komandirlərini və hərbi avadanlığı hədəf alır və silahlı qruplaşmanı ortaq sərhədlərdən uzaqlaşdırmağı hədəfləyir.
Son iki həftədə mülki vətəndaşlar, tibb işçiləri və Hizbullah döyüşçüləri daxil olmaqla, ən azı 1400 livanlı öldürülüb, 1.2 milyon insan evlərindən didərgin düşünb.
Livanda ən güclü silahlı qüvvə olan İranın dəstəklədiyi Hizbullah HƏMAS-ın 2023-cü ilin oktyabrın 7-də törətdiyi hücumdan demək olar ki, dərhal sonra İsrailə raketlər atmağa başlayıb və bunu fələstinlilərə dəstək nümayişi adlandırıb. Hizbullahla İsrail ordusu arasında demək olar ki, hər gün atışma olub.
Ötən həftə İsrail bir sıra hücumlarının Hizbullahın uzun müddətdir lideri olan Həsən Nasrallah və digərlərinin ölümü ilə nəticələnməsindən sonra Livanın cənubuna məhdud quru əməliyyat başlatdığını bildirib. Şiddətli döyüşlər nəticəsində İsrailin doqquz əsgəri ölüb, İsrail isə 250 Hizbullah döyüşçüsünü öldürdüyünü bildirir.
İsrail ordusu şənbə günü bildirib ki, Livandan İsrail ərazisinə təxminən 90 mərmi atılıb. Onların çoxu vurulsa da, bəziləri şimaldakı ərəb şəhəri Deyr əl-Əsədə düşüb. Polis üç nəfərin yüngül xəsarət aldığını bildirib.
İranın xarici işlər naziri Abbas Araqçı Dəməşqdə müxbirlərə deyib ki, “biz Qəzza və Livanda atəşkəs əldə etməyə çalışırıq.” Nazir təşəbbüs irəli sürən ölkələrin adlarını çəkməyərək deyib ki, onların arasında regional dövlətlər və Yaxın Şərqdən kənarda olan bəzi ölkələr var.
Araqçı bunu İranın ali ruhani liderinin ölkəsinin İsrailə son raket zərbələrini alqışladıqdan bir gün sonra deyib və lazım gələrsə, İranın bunu yenidən etməyə hazır olduğunu bildirib.
İnsanlar Livandan piyada qaçırlar
Livanın dövlətə məxsus xəbər agentliyi Milli Xəbər Agentliyinin məlumatına görə, İsrailin cümədən şənbəyə keçən gecə havadan endirdiyi onlarla zərbə nəticəsində ən azı altı nəfər ölüb.
Livanın hökumət komitəsinin bildirdiyinə görə, son iki həftədə təxminən 375 min nəfər İsrailin hücumlarından qaçaraq Livandan Suriyaya keçib.
Associated Press jurnalistləri minlərlə insanın pidaya şəkildə Məsnaa keçid məntəqəsindən keçdiyini görüb, baxmayaraq ki, cümə axşamı İsrailin zərbələri nəticəsində ora aparan yolda böyük krater yaranıb. Hizbullahın silahlarının əksər hissəsinin Suriya vasitəsilə İrandan gəldiyi güman edilir.
İsrail ordusu bildirib ki, xüsusi qüvvvələr Livanın cənubunda Hizbullahın infrastrukturuna qarşı hədəfli quru əməliyyatları keçirir, raketləri, buraxılış meydançalarını, gözətçi qüllələrini və silah anbarlarını məhv edir. Ordu əsgərlərin Hizbullahın İsrail sərhədinə yaxınlaşmaq üçün istifadə etdiyi tunel girişlərini dağıtdığını bildirib.
Qəzzada əlavə evakuasiya göstərişləri verilib
Fələstinli tibb rəsmiləri deyib ki, İsrailin şənbə günü Qəzzanın şimal və mərkəzinə endirdiyi zərbələri nəticəsində ən azı doqquz nəfər öldürülüb.
Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, şimaldakı Beit Hanun şəhərinə hücum nəticəsində iki uşaq daxil olmaqla, ən azı beş nəfər ölüb. Avda xəstəxanasının məlumatına görə, bir başqa zərbə Nüseyrat qaçqın düşərgəsində bir evə tuş gəlib və ən azı dörd nəfər ölüb.
İsrail ordusu dərhal şərh verməyib, amma HƏMAS-ı mülki ərazilərdə fəaliyyət göstərməkdə ittiham edir.
Səhiyyə nazirliyinin məlumatına görə, Qəzzada bir ilə yaxındır davam edən müharibə nəticəsində 42 minə yaxın fələstinli öldürülüb.
Forum