Oktyabrın 4-də Bakının Nərimanov Rayon Məhkəməsində Turan agentliyinin iqtisadi xəbərlər şöbəsinin redaktoru Hafiz Babalanın Qafqazinfo.az internet nəşrinə qarşı iddiasına baxılıb.
İclasda Babalının iştirakı təmin edilməyib, baxmayaraq ki, əvvəllər məhkəmə iddiaçının iştirakı ilə bağlı müdafiə tərəfinin ərizəsini təmin edib, vəkil Rəsul Cəfərov bildirib.
Məhkəmə iddiaçının qeyd etdiyi materiallarda böhtan və təhqirin olub-olmadığını müəyyən etmək üçün linqvistik ekspertiza təyin edib.
Ekspertiza rəyi alınana qədər iş üzrə icraat dayandırılıb.
Xatırladaq ki, iddia 28 dekabr 2023-cü il tarixində Qafqazinfo.az saytında dərc edilmiş "Hafiz Babalının işi üzrə yeni detallar" adlı yazı ilə əlaqədar qaldırılıb.
Hafiz Babalı yazıda onun jurnalist kimi şərəfinə, ləyaqətinə və işgüzar reputasiyasına xələl gətirən böhtan və təhqiredici məlumatların olduğunu bildirib. Məqalədə bildirilib ki, "Babalı qrant layihələrilə əlaqədar xarici təşkilatlar və fondlar ilə əlaqə quraraq, onların tapşırığı ilə araşdırmalar aparıb və məqalələr hazırlayıb".
Babalı bildirib ki, araşdırmalar onun jurnalist fəaliyyətinin bir hissəsi olub. Bundan əlavə, heç kim və heç zaman araşdırmalar və dərc olunan məqalələrlə bağlı irad irəli sürməyib, bu materiallardakı məlumatlar isə heç bir inzibati orqan tərəfindən təkzib edilməyib və məhkəmədə mübahisələndirilməyib.
Babalı "Hafiz Babalının iştirak etdiyi layihələrə Avropadakı azərbaycanlı siyasi mühacirlərin cəlb edilməsi" barədə fikirləri də böhtan kimi qəbul edib.
Babalı məhkəmədən xahiş edib ki, nəşrə böhtan xarakterli iddiaları təkzib etməyi, ondan üzr istəməyi və 9900 manat məbləğində kompensasiya ödəməyi, redaksiyanı 119 manat məbləğində məhkəmə xərclərini ödəməyi həvalə etsin.
Öz növbəsində Qafqazinfo.az saytı Babalının iddiasına hələ münasibət bildirməyib.
Hafiz Babalı 13 dekabr 2023-cü ildə "xarici valyuta qaçaqmalçılığı" ittihamı ilə saxlanılıb. Məhkəmənin qərarı ilə ilkin həbs cəzasına məhkum edilib. O, "Abzas Media işi" işi üzrə cəlb edilib.
Hüquq müdafiəçiləri Hafiz Babalını siyasi məhbus kimi tanıyıb.
Forum