Accessibility links

"Toplum TV" işi üzrə həbs olunan 6 nəfərin həbs qətimkan tədbiri uzadılıb


"III Respublika Platforması"nın spikeri Akif Qurbanov
"III Respublika Platforması"nın spikeri Akif Qurbanov

Oktyabrın 3-də Xətai Rayon Məhkəməsində istintaqın "Toplum TV" işi üzrə təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması barəsində vəsatətinə baxılıb.

"Demokratik Təşəbbüslər İnstitutu"nun rəhbəri və "III Respublika Platforması"nın spikeri Akif Qurbanovun, Platformanın qurucu heyət üzvü Ruslan İzzətlinin, "Demokratik Təşəbbüslər İnstitutu"nun əməkdaşları Əli Zeynalovun və İlkin Əmrahovun, "Toplum TV"nin həmtəsisçisi Ələsgər Məmmədlinin və "Toplum TV"nin əməkdaşı, jurnalist Müşfiq Cabbarın həbs müddəti daha 3 ay uzadılıb.

Vəkil Rövşanə Rəhimli bildirib ki, müdafiə etdiyi İlkin Əmrahov qərardan narazıdır, həbs olunduğuna görə onun təhsili yarımçıq qalıb:

"Həbsinin qanunsuz olduğunu, qaçaqmalçılıq ittihamı ilə heç bir əlaqəsinin və ümumiyyətlə, onun ümumvətəndaş pasportunun

Vəkil Rövşanə Rəhimli
Vəkil Rövşanə Rəhimli

olmadığını vurğuladıq. O, heç vaxt ölkə xaricində olmayıb. Bu maddə ilə ittiham olunması tamamilə qanunsuz və əsassızdır. Cinayət işini qondarma və saxta adlandırdı. Eyni zamanda, İlkinin təhsil almaq hüququ çox kobud şəkildə pozulur. İlkin hazırda Dillər Universitetinin magistratura tələbəsidir və təhsil almalıdır, amma təəssüf ki, həbsdədir".

Vəkil Rəsul Cəfərov qeyd edib ki, Ruslan İzzətli qərarı əsassız sayır.

"Özü bildirdi ki, ittihamların əsası yoxdur. Sözsüz ki, qərardan apellyasiya şikayəti veriləcək. Ödü ilə bağlı problemlər var, eyni zamanda, təzyiqi ilə bağlı problem var, tez-tez təzyiqi düşür"-deyə, vəkil bildirib.

Məhkəmə 6 nəfərin həbs qətimkan tədbirini 2025-ci ilin 6 yanvarınadək uzadıb. Onlarla birgə həbs olunan Ramil Babayevin həbsinin uzadılması ilə bağlı məhkəmənin isə yaxın günlərdə keçiriləcəyi gözlənilir.

"Toplum TV işi" üzrə nə baş verib?

Martın 6-da hüquq-mühafizə orqanları "Toplum TV", "Demokratik Təşəbbüslər İnstitutu", həmçinin "III Respublika Platforması"nın ofislərində, bir neçə əməkdaşın evində axtarış aparıb. Məlumata görə, iyirmidən çox əməkdaş polis tərəfindən saxlanılıb, bir neçə saat sonra əməkdaşların əksəriyyəti sərbəst buraxılıb. Lakin "Toplum TV"nin ofisinin qapısı möhürlənib. "Toplum TV"nin jurnalistləri Fərid İsmayılova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkanim tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkan tədbiri seçilib) və "Demokratik Təşəbbüslər İnstitutu"nun rəhbəri, həmçinin "III Respublika Platforması"nın spikeri Akif Qurbanova, eləcə də Əli Zeynalova, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Martın 8-də "III Respublika Platforması"nın qurucu heyət üzvü Ruslan İzzətli və "Toplum TV"nin həmtəsisçisi Ələsgər Məmmədli həbs olunub. Xətai Rayon Məhkəməsi onlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Hər ikisi də qaçaqmalçılıqda ittiham olunur.

Bu ilin iyul ayında bütün həbs olunanların həbs qətimkan tədbiri daha 3 ay uzadılıb.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.

Forum

XS
SM
MD
LG