Keçən bir həftə ərzində İranın müxtəlif vilayətlərində çox sayda məhkumun ölüm cəzası tətbiq edilib.
Hüquq müdafiə qurumlarının yaydığı xəbərlərə əsasən, edam hökmləri keçən bir həftə ərzində İranın təqribən 15 şəhərində, o cümlədən Təbriz, Rəşt, Şiraz, Kirman, Zahidan, Gürgan, Burucird, Ciruft, Səravan, Simnan, Kaşan, Xomeyn, Məşhəd, Kirmanşah, Lahican və Həmədanda icra edilib.
HRA agentliyi və Norveçdə yerləşən İran İnsan Haqları (IHR) qrupu bu yaxınlarda Təbrizin mərkəzi həbsxanasında dar ağacından asılan məhkumun adını Şahin Yusufoğlu olaraq açıqlayıblar.
IHR qrupunun bildirdiyinə görə, əslən Qərbi Azərbaycan vilayətinin Qoşaçay (Miyandab) şəhərindən olan Yusufoğlu 4 il əvvəl narkotik maddə qaçaqmalçılığı ilə əlaqədar tutulub və edama məhkum edilmişdi.
Rəsmi dövlət agentliyi İRNA-nın xəbərinə görə, İranın “Mərkəzi” vilayətinin Xomeyn şəhərində “silahlı soyğunçuluq və bir polis zabitini öldürməkdə” təqsirli bilinən iki şəxsin edam hökmü isə bazar ertəsi günü səhər saatlarında ictimaiyyət qarşısında icra edilib.
Hüquq müdafiəçiləri həmçinin keçən günlərdə bəzi şəhərlərdə yeni edam hökmlərinin çıxarıldığına dair məlumat yayıblar. HRA agentliyinin bildirdiyinə görə, İranın Ali Məhkəməsi Həmədanda bir edam məhkumunun cəzasını qüvvədə saxlayıb.
Forum