Prezident Co Bayden çərşənbə günü qasırğanın vurduğu ziyanın araşdırılması məqsədi ilə Şimali Karolinanın qərbi dağlıq bölgəsinə səfər edəcək.
Orada ilk müdaxiləçilər yolları təmizləmək, elektrik enerjisi və mobil telefon xidmətini bərpa etmək və Helen qasırğası nəticəsində evsiz qalan insanlara kömək etmək üçün gecə-gündüz işləməyə davam edir.
Qasırğa azı 133 nəfərin həyatına son qoyub və yüzlərlə insan hələ də itkindir.
Turistik bölgə olan Aşvilin rəsmiləri tam bərpasının həftələr çəkə biləcəyi su sisteminin "fəlakətli" şəkildə zədələndiyini bildirib. Hökumət rəsmiləri, yardım qrupları və könüllülər ləvazimatları hava, yük maşını və hətta qatırla şəhərə və yaxınlıqdakı dağ icmalarına daşımaq üçün çalışır.
Aşvilin də daxil olmaqla bölgədə azı 40 nəfər ölüb. Şimali Karolinada ölənlərin sayına daşqınlar nəticəsində evlərində və avtomobillərində qapalı qalan və ya ağacların aşması nəticəsində ölən insanların dəhşətli hekayələri var.
Məhkəmə binasının təhlükəsizlik işçisi yük maşında boğularaq ölüb. Damda xilasetmə gözləyən cütlük və 6 yaşlı uşaq evlərinin bir hissəsi uçduqdan sonra boğularaq ölüb. Xilasedicilər Atlantada avtomobilin üstündə sıxılmış vəziyyətdə qalmış bir körpə və iki nəfər də daxil olmaqla, onlarla insanı xilas ediblər. Tennessi xəstəxanasında 50-dən çox xəstə və işçi cəsarətli xilasetmə əməliyyatı nəticəsində xəstəxananın damından vertolyotla qaldırılıb.
Fırtına Şimali Karolinada son əsrin ən güclü daşqınına səbəb olub. Çərşənbə günündən bəri bəzi ərazilərdə yağıntının 61 santimetri keçdiyi təxmin edilir. Aşvilə gedən bir neçə əsas marşrut dağılıb.
Helen 4-cü kateqoriya qasırğası olaraq cümə axşamı axşam Floridanın şimalında sahilə çıxıb və sürətlə şimala doğru hərəkət edib Fırtına Florida, Corciya, Cənubi Karolina və Virciniya ştatlarında da ölüm hallarına səbəb olub və cənub-şərqdə bölgəsində həyatlarıı alt-üst edib.
Rəsmilər bərpa işlərinin uzun və çətin olacağı barədə xəbərdarlıq edib. Fövqəladə Hallar üzrə Federal Agentliyin rəsmiləri bazar ertəsi bildiriblər ki, sığınacaqlarda 1000-dən çox insan yaşayır.
ABŞ Milli Qasırğa Mərkəzinin bildirdiyinə görə, Körk tropik qasırğası bazar ertəsi Atlantik okeanının şərqində formalaşıb. Onun çərşənbə axşamı və ya çərşənbə günü gecə saatlarında “böyük və güclü qasırğaya” çevriləcəyi gözlənilir. Qasırğa Kabo-Verde adalarından təxminən 1285 kilometr qərbdə, maksimum 95 km/saat davamlı küləklə irəliləyir.
Bu arada, Cənubdakı seçki rəsmiləri məcburi köçkünlərin qarşıdan gələn prezident seçkilərində səs verə bilmələrini təmin etmək üçün təcili hazırlıq görürür.
Bəzi ofislərdə elektrik enerjisinin kəsilməsi, məhdud internet çıxışı və zədələnmiş infrastruktura baxmayaraq, Corciya üzrə seçki rəsmiləri işə qayıdıb.
Forum