"2023-cü il, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə törədilməklə bir soydaşımızın ölümü, ikisinin isə yaralanması ilə nəticələnən hücumu həyata keçirmiş Yasin Hüseynzadə barəsində hökmün icrası müəyyən prosedurlar tələb edir".
Bu barədə jurnalistlərə Baş prokuror Kamran Əliyev deyib.
Onun sözlərinə görə, Azərbaycan İran tərəfi ilə bu istiqamətdə əlaqələri davam etdirir.
“Burada sadəcə prosessual məsələlərdən söhbət gedir. Bilirsiniz ki, birinci instansiya məhkəməsinin hökmü İranın Ali Məhkəməsi tərəfindən təsdiq olunmalıdır. Prosessual qayda odur ki, bu prosedur həyata keçiriləndən sonra hökm icraya yönəldiləcək", o qeyd edib.
2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum olub. Hücum nəticəsində diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, daha iki mühafizəçi yaralanıb. Tehran polisi şübhəli şəxsi həbs etdiyini bildirib.
İran rəsmiləri yanvarın 27-də baş verən hadisəni pisləyib və silahlı şəxsin siyasi deyil, şəxsi motivi olduğunu bildirib.
Azərbaycan prezidenti İlham Əliyev silahlı hücumu terror aktı kimi qiymətləndirib.
Hücumdan sonra İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Azərbaycan Tehrandakı səfirliyi diplomatik fəaliyyətini tamamilə dayandırıb, ölkədəki bütün diplomatlarını çıxarıb.
Bundan sonra aprelin 6-da Azərbaycan İran səfirliyinin 4 diplomatını ölkədən çıxarıb. İran isə mayın 5-də Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun 4 əməkdaşını ölkədən çıxardığını bildirib.
Bununla yanaşı, həbs edilmiş şəxslə bağlı məhkəmə qərarı və qərarın icrası ilə barədə hələ rəsmi məlumatlar yayılmayıb.
Beynəlxalq ictimaiyyət Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu qınayıb və İrana Cenevrə Konvensiyasına uyğun olaraq ölkədəki xarici diplomatların qorunmasına dair öhdəliyini xatırladıb.
Azərbaycan ilə İran arasında aparılmış danışıqlar nəticəsində bu il iyulun 15-dən etibarən Azərbaycanın İrandakı səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib.
Forum