Accessibility links

Ukrayna Rusiyanın Sumidəki tibb mərkəzinə hücumu nəticəsində 9 nəfərin öldüyünü bildirir


Ukrayna rəsmiləri bildiriblər ki, Rusiya qüvvələri şənbə günü səhər Ukraynanın şimal-şərqindəki Sumi şəhərində tibb mərkəzinə iki dəfə zərbə endirməsi nəticəsində 9 nəfər həlak olub.

Ukrayna prokurorları hücumlar zamanı xəstəxanada 86 xəstə və 38 işçinin olduğunu bildirib.

"Birinci hücumda bir nəfər həlak olub və xəstəxananın bir neçə mərtəbəsinin tavanı zədələnib", - Daxili İşlər naziri İqor Klimenko Telegram-da bildirib.

Onun sözlərinə görə, insanlar təxliyə edilərkən ruslar yenidən zərbə endirib və bu, daha 5 nəfər ölümü ilə nəticələnib.

Ukraynanın fövqəladə hallar xidməti daha sonra bildirib ki, ümumilikdə 9 nəfər ölüb, 10 nəfər yaralanıb.

"Dünyada bu müharibədən danışan hər kəs Rusiyanın hara vurduğuna diqqət yetirməlidir. Onlar xəstəxanalar, mülki obyektlər və insanların həyatı ilə döyüş aparırlar", - Ukrayna prezidenti Vladimir Zelenski Telegram-da deyib.

"Yalnız güc Rusiyanı sülhə vadar edə bilər. Güc yolu ilə sülh yeganə düzgün yoldur", prezident əlavə edib.

Klimenko şənbə günü baş verən hücumlarda hansı silahlardan istifadə edildiyini açıqlamasa da, vilayət administrasiyası və hava qüvvələri zərbənin pilotsuz uçuş aparatları tərəfindən həyata keçirildiyini bildirib.

Ukrayna qüvvələrinin avqust ayında Rusiyanın Kursk vilayətində əməliyyata başlamasından və onlarla yaşayış məntəqəsini ələ keçirməsindən sonra Sumı şəhəri və Sumı vilayətinə hücumlar daha tez-tez baş verib.

Sumi şəhəri Rusiya sərhədindən cəmi 32 kilometr aralıda yerləşir. 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı işğala başlayan Rusiya qüvvələri pilotsuz təyyarələr və idarə olunan bombalarla bölgəyə və şəhərə hücum edir.

Ukrayna Hərbi Hava Qüvvələri şənbə günü səhər saatlarında Rusiyanın iki ballistik və iki qanadlı raketdən ibarət hücumu zamanı 73 pilotsuz təyyarədən 69-nu vurduğunu bildirib.

Rusiyanın 15-ə yaxın hücum pilotsuz təyyarəsi paytaxt Kyivdə və onun ətraflarında hava hücumundan müdafiə sistemi tərəfindən məhv edilib, oradakı hərbi administrasiya bildirib.

Forum

XS
SM
MD
LG