Accessibility links

ABŞ Gürcüstanın rusiyayönlü keçmiş baş nazirinə qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır


Arxiv fotosu - Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvili Tbilisidə bələdiyyə seçkiləri zamanı seçki məntəqəsində, 2 oktyabr 2021.
Arxiv fotosu - Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvili Tbilisidə bələdiyyə seçkiləri zamanı seçki məntəqəsində, 2 oktyabr 2021.

ABŞ Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişviliyə qarşı onun Rusiya ilə əlaqələrin möhkəmləndirilməsində və ölkənin demokratik yoldan yayınmasında rolu ilə bağlı narahatlıqların artması fonunda sanksiyalar hazırlayır. Bu barədə ABŞ administrasiyasında Amerikanın Səsinə anonimlik şərti ilə danışan iki mənbə məlumat verib.

Mənbələr bildirirlər ki, İvanişvilinin iddia edilən hərəkətləri Rusiyanın maraqlarını təşviq edir və Gürcüstanın Avropa İttifaqı və NATO-ya üzv olmaq istəklərinə zərbə vurur.

“Bizdə İvanişvilinin Rusiya oliqarxları ilə münasibətləri inkişaf etdirmək üçün addımlar atdığı və Rusiyanın Gürcüstan bazarına çıxışını asanlaşdırdığına dair məlumat var. Bundan əlavə, o, Rusiya kəşfiyyat xidmətlərinin göstərişi ilə hərəkət edib”, yüksək səviyyəli administrasiya rəsmisi Amerikanın Səsinin gürcü xidmətinə mövzunun həssaslığına görə anonimlik şərti ilə danışmağa razılaşaraq bildirib.

1990-cı illərdə Rusiyada sərvət qazanan 68 yaşlı milyarder İvanişvili 2013-cü ildə rəsmi olaraq siyasətdən getməsinə baxmayaraq, Gürcüstan siyasətinə böyük təsir göstərməkdə davam edir.

O, Tbilisi yaxınlığında malikanədə yaşayır və nadir hallarda ictimaiyyət qarşısına çıxır. Onun evində köpək balığı hovuzu və doğma şəhərində tikdiyi zoopark da daxil olmaqla dəbdəbəli həyat tərzi ona “Gürcüstanın Ceyms Bondu” ləqəbini qazandırıb və beynəlxalq medianın diqqətini çəkib.

İvanişvilinin təsis etdiyi “Gürcü Arzusu” siyasi partiyası 2012-ci ildən hakimiyyətdədir və bəzi müşahidəçilər onun hələ də pərdə arxasında əsas siyasi qərarlar verməkdə davam etdiyini düşünürlər.

“Gürcü arzusu”nun keçmiş üzvü, 2019-cu ilin sentyabrından 2021-ci ilin fevralında istefa verərək müxalifətə qoşulana qədər Gürcüstanın baş naziri vəzifəsində çalışmış Giorgi Qaxariyanın sözlərinə görə, İvanişvili hələ də bütün mühüm siyasi və iqtisadi qərarların qəbul edilməsində iştirak edir.

“İvanişvili bütün məsələləri həm strateji, həm də taktiki səviyyədə idarə edir” - deyə, hazırda müxalifətdə olan “Gürcüstan naminə” partiyasının rəhbəri olan Qaxariya “Amerikanın Səsi”nə müsahibəsində deyib. “O, siyasi və iqtisadi məsələlərlə birbaşa məşğuldur. Hazırda ölkədə baş verənlərin hamısı İvanişvili ilə bağlıdır”, o əlavə edib.

Digər müxalif siyasətçi, Federalist Partiyasından Qiqa Bokeriya deyir ki, İvanişvili Gürcüstan hökumətinin ölkəni Rusiyayönümlü, anti-Qərb istiqamətinə yönəltməsinin mərkəzində olub.

“Məhz o əvvəldən Qərbi Gürcüstanın təhlükəsizliyinə və kimliyinə təhdid kimi göstərmək, Qərbin və xüsusən də ABŞ-ın gürcülərdən öz maraqları üçün oyuncaq kimi istifadə etdiyi, sağ qalmaq üçün regionumuzda Rusiyanın təhlükəsizliklə bağlı üstünlüyünü qəbul etməli 0lduğumuz kampaniyasına rəhbərlik edib”, Bokeriya Amerikanın Səsinə bildirib.

“Və bu bəhanə ilə o, Rusiyanın Gürcüstan iqtisadiyyatına, təhlükəsizlik strukturlarına və siyasi həyatına nüfuz etməsinə şərait yaradıb, qərbyönlü qurumları və siyasi rəqibləri hədəf alıb”, o deyib.

Bokeriya əlavə edib ki, İvanişviliyə qarşı gözlənilən sanksiyalar haqlı və zəruri addım olsa da, ABŞ-ın daha strateji yanaşmasına, Gürcüstanı regionda Qərbin əsas dayağı kimi gücləndirən yanaşmasına ehtiyac var.

“Bu rejimi məğlub etmək gürcü cəmiyyətinin məsuliyyəti olsa da, ABŞ-ın Gürcüstana qarşı siyasətinin problemi onun aydın və fəal strategiyaya malik olmamasıdır. ABŞ Rusiyanın bütün müttəfiqlərini və azadlıq düşmənlərini daha əhatəli şəkildə hədəf almalıdır, eyni zamanda bu yanaşmanı Gürcüstanı regionda Qərbin gücünün dayağına çevirərək, daha geniş baxışla birləşdirməlidir”, o deyib.

ABŞ-ın İvanişviliyə qarşı sanksiyaları prezident Co Baydenin 2021-ci ildə imzaladığı “Rusiya Federasiyası Hökumətinin Müəyyən Zərərli Xarici Fəaliyyətləri ilə əlaqədar Mülkiyyətin Dondurulması” haqqında 14024 saylı sərəncamına uyğundur.

“14024 saylı sərəncam demokratik təsisatlara, demokratik dəyərlərə xələl gətirən fəaliyyətlərlə məşğul olan və ya transmilli korrupsiya ilə məşğul olan şəxsləri təyin etmək üçün geniş səlahiyyət verir”, ABŞ administrasiyasında adının açıqlanmasını istəməyən mənbə bildirib.

“Bir sıra fəaliyyətlər var ki, Rusiya Federasiyasının xeyrinə olarsa, sanksiyalara məruz qala bilər”, o qeyd edib.

Əgər İvanişviliyə qarşı sanksiyalar nə vaxtsa tətbiq olunarsa, onun Amerika yurisdiksiyasındakı aktivləri dondurulacaq və Amerika vətəndaşlarına və şirkətlərinə onunla iş görmək qadağan ediləcək.

Bir çox beynəlxalq qurumların ikinci dərəcəli sanksiyalara yol verməmək üçün ABŞ qaydalarına əməl etdiyi nəzərə alınsa, sanksiyalar İvanişvilini qlobal maliyyə sistemindən təcrid edəcək.

Aktivlərin dondurulmasından əlavə, İvanişvilinin qlobal bank xidmətlərinə çıxışını və Gürcüstandan kənara səyahət imkanlarını məhdudlaşdıran viza məhdudiyyətləri tətbiq oluna bilər.

“Birləşmiş Ştatlar mümkün sanksiyalardan danışanda İvanişvili həmişə bunun boş söz olduğunu düşünürdü”, müxalif Vahid Milli Hərəkat Partiyasının lideri Tina Bokuçava Amerikanın Səsinə müsahibəsində deyib.

“İndi o, başa düşür ki, Gürcüstan demokratiyasını sarsıtmaq və Gürcüstanı Avro-Atlantik perspektivlərdən məhrum etmək ABŞ tərəfindən real nəticələrə gətirib çıxarır”, o bildirib.

İvanişviliyə qarşı sanksiyalar ABŞ-ın son aylarda Gürcüstanda ölkədəki demokratik prosesləri pozmaqda ittiham olunan şəxslərə tətbiq etdiyi viza məhdudiyyətləri və aktivlərinin dondurulmasından sonra hazırlanır.

“Düşünürəm ki, Bayden administrasiyası Gürcüstan hökumətini özlərini saldıqları vəziyyətə ciddi yanaşmağa sövq edə bilməməsindən məyusdur”, Amerikanın Səsinə adının açıqlanmasını istəməyən və ABŞ hökuməti daxilində müzakirələrdən xəbəri olan mənbə deyib.

“Bayden administrasiyası vəziyyətin ciddiliyini çatdırmağa çalışır və ümid edir ki, Gürcüstan hökumətində kimsə bunu ciddi qəbul edir”, o əlavə edib.

Baş nazirin ofisi ABŞ-ın İvanişviliyə qarşı sanksiyalar hazırlaması barədə məlumatı Amerikanın Səsinə şərh etməkdən imtina edib.

ABŞ və Avropa İttifaqı Gürcüstanın qeyri-demokratik addımları, Rusiyanın Ukraynadakı müharibəsi ilə bağlı aydın Qərbyönlü mövqe tutmaq istəməməsi və Tbilisinin Vaşinqtonu Gürcüstanı münaqişəyə cəlb etmək cəhdində ittiham edən qızışdırıcı ritorikası ilə bağlı getdikcə daha çox narahatdır.

Gürcüstan Ukraynada hərəkətlərinə görə Rusiyaya qarşı beynəlxalq sanksiyalara qoşulmaqdan rəsmən imtina edib və Ukrayna liderlərinə açıq şəkildə hücum etdiyinə görə tənqidlərlə üzləşib.

Vaşinqton həmçinin Gürcüstanın Rusiyaya sanksiyalardan yan keçməsinə kömək edə biləcəyindən narahat olduğunu bildirib.

Digər mühüm məsələ Gürcüstanda maliyyələrinin 20 faizindən çoxunu xaricdən alan qeyri-hökumət təşkilatları (QHT) və media qurumlarının xarici agent kimi qeydiyyatdan keçməsini tələb edən mübahisəli “xarici təsirin şəffaflığına dair qanun”la bağlıdır.

Hakim “Gürcü Arzusu” partiyası qanunun şəffaflığı təşviq etmək məqsədi daşıdığını desə də, tənqidçilər onun Rusiya qanunvericiliyi əsasında hazırlandığını və müstəqil media və Qərbdən maliyyələşən təşkilatları sıxışdırmaq məqsədi daşıdığını deyirlər.

Bu ilin əvvəlində hökumətin qanun layihəsini 2023-cü ildə geri götürdükdən sonra ictimaiyyətin qəzəbi fonunda yenidən təqdim etməsi ilə Tbilisidə kütləvi etirazlar başladı.

Etirazlara baxmayaraq, “Gürcü Arzusu” partiyası hökumətin kəskin tənqidçisinə çevrilmiş prezident Salome Zurabişvilinin vetosunu ləğv edərək qanun layihəsini qəbul etdi.

Tənqidçilər bu qanunun İvanişvili və onun müttəfiqlərinin Gürcüstanda oktyabrda keçirilməsi planlaşdırılan parlament seçkiləri ərəfəsində hakimiyyəti cəmləşdirmək üçün daha geniş səylərinin bir hissəsi olduğunu deyirlər.

İvanişviliyə qarşı sanksiyalar paketi ABŞ-a insan hüquqlarını pozan xarici dövlət rəsmilərinə qarşı sanksiyalar tətbiq etmək səlahiyyəti verən Maqnitski Aktı çərçivəsində ABŞ Maliyyə Nazirliyinin Gürcüstanın dörd vətəndaşına qarşı son sanksiyalarından sonra nəzərdən keçirilir.

Gürcüstan Daxili İşlər Nazirliyinin iki yüksək vəzifəli əməkdaşı və daha iki şəxs daxil olmaqla dörd rəsmi vətəndaşların dinc nümayişlərini yatırmaq və sərbəst toplaşmaq azadlığını məhdudlaşdırmaqda ittiham edilib.

ABŞ həmçinin ölkədə demokratiyaya zərbə vurmaqda ittiham olunan 90 Gürcüstan vətəndaşına viza qadağası tətbiq edib.

Bidzina İvanişviliyə qarşı sanksiyaların dəqiq vaxtı qeyri-müəyyən olaraq qalsa da, Bayden administrasiyasına yaxın mənbə anonimlik şərti ilə Amerikanın Səsinə bildirib ki, “administrasiya sanksiyaları hazırlayarkən onun “Rusiyaya açıq-aşkar fayda verən” hərəkətlərini sənədləşdirmək üçün hüquqi meyarlara cavab verməli idi”.

Forum

XS
SM
MD
LG