Sentyabrın 20-də Bakıda “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmir yolu administrasiyaları rəhbərlərinin məşvərət toplantısının protokolu imzalanıb.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin məlumatına görə, sənəd Azərərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Tacikistan, Çin və Avstriya dəmir yolu administrasiyalarının rəhbər heyətləri tərəfindən imzalanıb.
Məlumatda deyilir kİ, Bakı görüşü zamanı “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının təsis edilməsinə dair sənədlər, təşkilatın strukturu, işçi qrupların təşkili və digər mühüm məsələlər müzakirə edilib, bu marşrut üzrə rəqəmsallaşma, kommersiya məsələləri, marketinq və kommunikasiya, logistika xidmətləri, normativ-hüquqi aktlar və infrastruktur mövzuları ətrafında fikir mübadiləsi aparılıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov bildirib ki, artıq Çindən göndərilən yüklərin Bakı-Tbilisi-Qars dəmir yolu (BTQ) ilə daşınması razılaşdırılıb.
“Bu ilin sonuna qədər Çindən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) vasitəsilə 300-ə yaxın konteyner blok qatarının göndərilməsi planlaşdırılır”, o qeyd edib.
Onun sözlərinə görə, bu ilin mart ayında Çinin Sian limanından Bakıya cəmi 11 günə birinci konteyner qatarı çatdırılıb.
“Orta hesabla blok qatarlar Çindən Azərbaycana 8-10 gün ərzində, Gürcüstanın limanlarına isə 12 gün ərzində çatdırılır. Ümumilikdə, bu ilin sonuna qədər Çindən Orta Dəhliz vasitəsilə 300-ə yaxın konteyner blok qatarının göndərilməsi planlaşdırılır ki, bu da təxminən 30 min TEU ekvivalentinə və ya 420 min tonadək yük həcminə bərabərdir”, Rüstəmov bildirib.
Rövşən Rüstəmov deyib ki, qlobal logistika bazarlarının dinamikası dəyişir, Çindən Avropaya, əks istiqamətə yük axınlarında artımın olduğu və yaxın illərdə daha da artacağı proqnozlaşdırılır.
“Son illərdə qlobal miqyasda dəmir yolu ilə yükdaşımalarında illik təxminən 5 faizlik artım qeydə alınır və bu artımın davam edəcəyi proqnozlaşdırılır. Hesablamalara görə, illik dəyəri 300 milyard dollara yaxınlaşan qlobal dəmir yolu ilə yük daşımaları bazarının ildən-ilə böyüyəcəyi gözlənilir. Müxtəlif araşdırma qruplarının ən optimistik proqnozlarında dəmir yolu ilə yük daşıma trafikinin, yəni ton-kilometr dövriyyəsinin 2025-ci ilədək 12 trilyon ton-kilometrədək, 2050-ci ilədək isə 28 trilyon ton-kilometrədək artacağı bildirilib”, o qeyd edib.
Forum