ABŞ-ın Orta-qərb Ohayo ştatı, miqrantların sakinlərin it və pişiklərini yediklərinə dair saxta xəbərlərin yer aldığı mübahisənin mərkəzindədir.
ABŞ-ın orta-qərb Ohayo ştatının Sprinqfild şəhərində yaşayan haitili miqrantların sakinlərin ev heyvanlarını yeməkdə ittiham olunması ölkə boyu böyük rezonans doğurub. Sosial mediada yayılan, daha sonra isə Respublikaçıların Vitse-prezidentliyə namizədi, Ohayo Senatoru JD Vansın irəli sürdüyü iddiaları ötən həftə keçirilən debatda sabiq prezident Donald Tramp da təkrarlayaraq, qəzəbə səbəb olub.
Ohayoda Klio kimi haitili miqrantlar ittihamları rədd edir.
“Mən bunu internetdə gördüm. İnsanlar haitililərin necə pis davrandıqlarından danışır. Amma qətiyyən heç bir sübut yoxdur. Mən heç şəhərdə gəzmirəm,” haitili miqrant Klio Paraison deyir.
Yerli rəsmilər miqrantların ev heyvanlarını yediklərinə dair sübutun olmadığını təsdiqləsə də, şayiələr çox sayda bomba təhdidlərinə səbəb olub ki, bu da məktəblərin bağlanmasına gətirib çıxarıb və Sprinqfilddə yaşayan haitililərin həyatlarına mənfi təsir göstərib.
“Biz haitili olduğumuza görə, mediada belə xəbərlər dərc olunanda, bu bizi qorxudur. Biz sadəcə olaraq daha yaxşı həyat axtarışındayıq,” haitili miqrant Baptist deyir.
Təhlükəsizlik səbəbilə adının anonim qalması şərtilə Amerikanın Səsinə danışan bir başqa haitili miqrant deyir ki, qəzəbli bir sakin onun üstünə bıçaq çəkib.
“Mənə zəng gəldi və mən dostumla bayıra çıxdım. Biz sadəcə olaraq dayanmışdıq və mən bir kişinin maşınını gördüm. Mən heç ona toxunmurdum belə - o çıxdı və bizdən nə etdiyimizi soruşdu. Biz də sadəcə olaraq dayandığımızı, onun maşınına yaslanmadığımızı dedik. Həmin şəxs dalaşmağa hazır kimi idi. Həyat yoldaşı onu geri çağırdı. Biz də ona məhəl qoymadıq və oradan uzaqlaşdıq. Amma məni təəcübləndirən o oldu ki, həmin şəxs geri dönüb 'siz … haitililər' dedi və üstümüzə bıçaq çəkdi,” haitili miqrant deyir.
“Sprinqfild çox müsbət cəhətləri olan dinamik bir icmadır. Şəhərimizlə bağlı bəzi narrativlərin sosial mediada yayılan dezinformasiya səbəbilə təhrif edilməsi və bunun hazırda çox gərgin olan seçki dövründəki siyasi ritorika ilə daha da güclənməsi təəssüf doğurur,” Sprinqfild şəhərinin meneceri Brayan Hek deyir.
Miqrant məsələsi mürəkkəbdir və təkcə onların ev heyvanlarını yemələrinə dair iddialarla məhdud deyil.
Ümumilikdə 60 min sakini olan Sprinqfilddə 15 mindən çox haitili yaşayır. Yerli sakin Montae deyir ki, haitili immiqrantlar amerikalıların əlindən iş yerlərini alır.
“İşləri ələ keçirirlər. Fabrikdəki iş yerləri, orada 50 amerikalı işləyə bilərdi, amma indi onların işi yoxdur. Onların yerinə həmin 50 iş yerinə haitililər götürülüb. Bu da 50 nəfərin işsiz qalması deməkdir,” Sprinqfild sakini Montae deyir.
Ernest Adasa Latino Marketində müştəri xidmətləri nümayəndəsidir. O deyir ki, onun müştərilərinin 70 faizindən çoxu haitililərdir və miqrant axını yerli sakinlərlə müəyyən münaqişələrə səbəb olub.
“Bu, kiçik bir şəhərdir. Bəzi yerlərdə insanlar dar düşüncəlidir. Ona görə də mən onların nə üçün belə hiss etdiklərini başa düşə bilirəm. Həm də buna səbəb odur ki, insanlar mədəniyyətlər arasında fərqləri və müəyyən məsələlərdə necə davranmalı olduqlarını bilmirlər,” Ernest dyir.
Bir miqrant deyir ki, o üç ay öncə Floridadan Sprinqfildə köçəndən sonra təhdid edilib. İndi o, şəhəri tərk etmək barədə düşünür.
Forum