İlin qalan dövründə dövlətin birbaşa xarici valyutada artan xərclərinin (COP29 və digər dövlət xərcləri) icrasına dəstək məqsədilə Mərkəzi Bankın valyuta bazarına satışyönlü müdaxiləsi istisna olunmur.
Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat verib.
Məlumata görə, carı ilin 8 ayında dövlətin birbaşa valyuta xərclərinin (o cümlədən xarici dövlət borcuna xidmət) artımı, eləcə də, ölkədə fəaliyyət göstərən müəssisələr tərəfindən ticarət kreditləri üzrə öhdəliklərin azaldılması ilə bağlı artan valyuta tələbi Azərbaycan Mərkəzi Bankının (AMB) təşkil etdiyi valyuta hərraclarında tam təmin edilib.
“Bu əməliyyatlar Mərkəzi Bank tərəfindən 2022-2023-cü illərdə valyuta bazarına edilmiş 4,2 milyard dollar həcmində alışyönlü müdaxilə nəticəsində əldə edilmiş xarici valyuta hesabına aparılacaq. Gözlənilən satış yönlü valyuta müdaxiləsi həm də əvvəlki illərdə alış yönlü valyuta müdaxiləsi hesabına artan pul kütləsinin bir hissəsini sterilizasiya etməyə imkan verəcək”.
İqtisadçı ekspert Natiq Cəfərlinin Amerikanın Səsinə verdiyi məlumata görə, bu yeni yanaşma deyil.
Onun fikrincə Mərkəzi Bank bundan öncəki qərarlarında da lazım gələcəksə belə bir valyuta intervensiyaları (tənzimləmə) edə bilər cümləsini açıqlamalarında söyləyib.
“Əslində bu ondan xəbər verir ki, manatın məzənnəsini sabit saxlamaqdan ötrü bu günə qədər Mərkəzi Bank hələki böyük həcmdə pul xərcləmirdi. Neft Fondundan ayrılan vəsait hesabına manatın məzənnəsini sabit saxlamaq mümkün idi. Zatən Neft Fondundan ayrılan vəsait manata çevrilib dövlət büdccəsinə köçürülür dollar şəklində təbii ki köçürülmür. Bu kifayət edirdi. Bu açıqlamanın tərcüməsi onu deməyə əsas verir ki, ola bilər ki, Neft Fondundan ayrılan vəsaitin dolların manata çevrilməsi məzənnəni sabit saxlamağa yetərli olmasın. Ola bilər ki, Mərkəzi Bank öz ehtiyyatlarından da zaman-zaman müəyyən həcmdə valyutanı banklara sataraq valyutaya olan tələbatı ödəmək məcburiyyətində qalsın. Əslində açıqlaması budur“, o deyib.
Məzənnəyə gəldikdə isə Natiq Cəfərli deyir ki, bu məzənnə məsələsi Azərbaycanda iqtisadi məsələ yox, inzibatı qərardır.
“Qərar belədir ki, az qala 8-9 ildir ki, sabit məzənnə rejimdir. Nə vaxt qərar dəyişəcəksə bu inzibati qərarla dəyişəcək. İqtisadçı olaraq bunu hesablayıb demək çətindir. Çünki bizdə iqtisadi kateqoriyalar məzənnəyə təsir etmir”, ekspert əlavə edib.
Xatırlatma
2015-ci ilin fevralın 21-i və və dekabrın 21-də Azərbaycanda iki devalvasiya baş verdi, manat dollar qarşısında iki dəfədən çox dəyər itirdi. Onda problemli kreditlərin həcminin artdığı və 2 milyard manata yaxınlaşdığı açıqlanmışdı. Lakin Azərbaycan Prezidenti 2019-cu il fevralın 3-də fiziki şəxslərin xarici valyutada olan problemli kreditlərinin həlli ilə bağlı fərman verib və bundan sonra problemli kreditlər kəskin azalmağa başlayıb.
Forum