Accessibility links

Avstraliyalı pilot Oskar Piastri Formula 1 üzrə Azərbaycan Qran-Prisinin qalibi olub


Bakıda keçirilən Formula 1 yarışları (Mənbə: Sosial şəbəkə)
Bakıda keçirilən Formula 1 yarışları (Mənbə: Sosial şəbəkə)

“McLaren” komandasının avstraliyalı pilotu Oskar Piastri bu gün sentyabrın 15-də Bakıda keçirilən Formula 1 üzrə Azərbaycan Qran-Prisinin qalibi olub. Şarl Lekler (“Ferrari”) ikinci, Corc Rassell (“Mercedes”) üçüncü olub.

Formula 1 yarışında hər biri iki pilotdan ibarət 10 komanda mübarizə aparıb. Sürücülər qalibi müəyyənləşdirmək üçün Bakı Şəhər Halqasında iki saat ərzində 51 dövrə vurublar. Uzunluğu 6 kilometr olan və hərəkətin saat əqrəbinin əksinə nizamlandığı trek almaniyalı memar Hermann Tilke tərəfindən hazırlanıb. Bakıda Azadlıq meydanından başlayan trek Hökumət Evinin ətrafı ilə fırlanaraq, Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında 2,2 kilometr dairə vurur və Neftçilər prospektinə çıxaraq başlanğıc yerində sona çatır. Trekin ən geniş yerinin eni 13 metrdir, ən dar hissəsi trekin İçərişəhər ətrafında olan hissələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.

Azərbaycan 2016-cı ildən dünyanın bu nüfuzlu avtoidman yarışına ev sahibliyi edir. Ölkədə təşkil olunan ilk Formula 1 yarışı Avropa Qran-Prisi adlandırılıb. Həmin yarışda almaniyalı Niko Rosberq birinci olub. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Luis Hamilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika) və Maks Ferstappen (Niderland) bütün rəqiblərini qabaqlayaraq podiumun ən yüksək pilləsinə qalxıblar.

Yalnız 2020-ci ildə Azərbaycan Qran-Prisi koronovirus pandemiyası səbəbindən keçirilməyib.

Forum

XS
SM
MD
LG