Bu yaxınlarda İranda builki ümumölkə universitetə qəbul imtahanlarının (Konkur) nəticələrinin açıqlanması ilə ölkədə təhsil ədalətsizliyi mövzusu geniş səviyyədə müzakirələrə yol açıb.
Siyasi fəal və Qərbi Azərbaycan vilayəti məktəblərinin sabiq müəllimi Cavad Abbasi Amerikanın Səsi ilə söhbətində “İranda təhsilin artıq bir haqq olmaqdan çıxıb və bir imtiyaz halına gəldiyini” ifadə edib.
Bu il İranda universitetə giriş imtahanlarında ilk sıralarda yer alan şagirdlərin yalnız 7 faizi dövlət məktəblərindən olub. Ölkə tələbələrinin təxminən 85 faizinin dövlət məktəblərində təhsil aldığı bildirilir. Həmçinin ilk sıralarda yer tutan tələbələrin böyük əksəriyyəti böyük şəhərlərdən və oğlan tələbələrdən ibarət olub.
“İranda təhsil bir haqq olmaqdansa artıq bir imtiyaza çevirilmişdir. Bunun başlıca səbəblərindən bəziləri budur ki, ölkədə təhsil imkanlarının bölüşməsi ədalətsiz şəkildədir. Həm ictimai təbəqələr arasında həm də bölgələrdə yatırım ədalətsizdir. Məsələn, Tehran və İsfahan kimi vilayətlərdə sərvətlərin bölüşdürülməsi və təhsil keyfiyyətində başqa bölgələrə görə çox böyük fərq var. İndi də gəliblər liseyin final imtahanları, eləcə də son üç ilin ortalamasını (orta qiymət balını) konkurun nəticəsinə daxil ediblər. Bu da problemlərə yol açıb”, Cavad Abbasi bildirib.
İran təhsil sistemində ədalətsizlik mövzusu bu günlərdə ölkə daxilində fəaliyyət göstərən mətbuatda da müzakirə olunur. Bəzi məqalələrdə müxtəlif bölgələrdən və müxtəlif sosial təbəqələrdən olan şagirdlərin universitetə qəbul imtahanına hazırlanmaq üçün bərabər imkanlara malik olmadığına diqəət çəkilərək, artıq pulsuz təhsil haqqının praktikada anlamsız hala gəldiyi vurğulanıb.
Abbasi hesab edir ki, hakimiyyətin siyasətləri nəticəsində olduqca zəifləyən təhsil sisteminin məhdud resurslarının da imtiyazlı kəsimlər tərəfindən sui-istifadə edilməsi mümkün olub.
“Oliqrx bir sistem kimi olub. Yəni, sərvət və qüdrət qaynaqlarına əlləri çatan şəxslər ki, farscada bunlara bərxurdar(imtiyazlı) deyirlər, var olan imkanlardan öz xeyirlərinə istifadə və ya sui-istifadə edirlər... O ailələr orta məktəb dönəmində imkanlardan başqa ailələr ilə müqayisədə daha çox istifadə edirlər. Yoxsul ailələrin uşaqları özəl kurslar və özəl məktəblərə gedə bilmir. Təhsil səviyyəsi dövlət məktəblərində çox aşağı enib. Rejimin apardığı siyasətlər nəticəsində dövlət məktəbləri tamamilə zəifləyib. Yəni, yoxsul ailələrin uşaqları ki, uşaqlarının gələcək təhsil yolu ilə bir yerə gəlməsini ümid edirdilər, artıq bu ortadan qalxıb. Dövlət təhsil üçün ayrıdığı büdcəni də getdikcə azaldıb” - deyə, Cavad Abbasi qeyd edib.
Cavad Abbasi təhsil sahəsində ədalətsizliyin türklər və digər qeyri-fars icmalarının yaşadığı bölgələrdə daha pis səviyyədə olduğunu ifadə edib.
“Bir də qeyri-fars millətlərə qarşı aparılan assimilyasiya siyasəti var. Təhsil sistemində elmə yer verməkdənsə, siyasi və ideoloji çıxarlara üstünlük verilir. Büdcənin də bir çoxu demək olar ki, qeyri-fars millətləri assimilyasiya etməsi üçün sərf olunur. Bu da səbəb olub ki, bizim bölgələrdə bu nəticələr daha aşağıdır. Yəni, bizim soydaşlarımızın keyfiyyətli təhsil və ali təhsilə əl çatması mərkəz və farsdilli bölgələrə görə daha çətinləşib,” Abbasi əlavə edib.
Forum