Sentyabrın 10-da Gürcüstanın Batumi şəhərində Türkiyə-Azərbaycan-Gürcüstan müdafiə nazirlərinin 11-ci üçtərəfli görüşü keçirilir.
Türkiyə Milli Müdafiə Nazirliyinin "X" hesabında yazılıb ki, görüşdə ikitərəfli və üçtərəfli formatda birgə hərbi əməkdaşlığın yeni perspektivlərinin, eləcə də regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi keçirilir.
Batumidə səfərdə olan Azərbaycan müdafiə naziri Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Güler və Gürcüstanın müdafiə naziri İrakli Çikovani ilə ikitərəfli görüş də keçirib.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Türkiyə milli müdafiə naziri ilə görüşdə Azərbaycan və Türkiyə arasında bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığın, strateji müttəfiqliyin yüksək səviyyədə olduğu, eyni zamanda, dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu diqqətə çatdırılıb.
İkitərəfli görüşdə birgə təlimlərin, təcrübə mübadiləsinin intensivliyinin artırılması, regionda və dünyada mövcud hərbi-siyasi proseslər, bölgədə dayanıqlı sülhün və sabitliyin təmin edilməsi yolları, həmçinin qarşılıqlı maraq doğuran müxtəlif məsələlər haqqında ətraflı fikir mübadiləsi aparılıb.
Gürcüstan müdafiə naziri İrakli Çikovani ilə görüşdə də hərbi sahədə də əlaqələrin davamlı olaraq inkişaf etdiyi qeyd edilib.
Görüşdə iki ölkə arasında hərbi əməkdaşlığın perspektivlərindən danışılıb, həmçinin birgə təlimlərin intensivliyinin artırılması barədə ətraflı fikir mübadiləsi aparılıb. Ölkələrin beynəlxalq səviyyədə qəbul olunmuş ərazi bütövlüyünün dəstəkləndiyi diqqətə çatdırılıb.
Sonra tərəflər regionda sülhün və təhlükəsizliyin təmin olunması, hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın yeni perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Bundan öncə, ötən il noyabrın 27-də Bakı şəhərində Azərbaycan müdafiə naziri Zakir Həsənov, Türkiyə milli müdafiə naziri Yaşar Güler və Gürcüstan müdafiə naziri Cuanşer Burçuladze arasında üçtərəfli görüş keçirilib.
Forum