Sentyabrın 9-da Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) dəstəyi ilə Türk Akademiyasının Atatürk Mədəniyyət, Dil və Tarix Ali Şurası yanında Türk Dilçilik Cəmiyyəti ilə birgə təşkil etdiyi Türk Dünyasının Ortaq Əlifba Komissiyasının üçüncü iclası açılıb.
İclasın əsas məqsədi ortaq əlifba ideyasının hazırlanmasında irəliləyişlərin müzakirəsi və bu istiqamətdə növbəti addımların müəyyən edilməsindən ibarət olub.
Türk Akademiyasının prezidenti Şahin Mustafayev deyib ki, türk ölkələri və xalqları vahid əlifbaya keçid məsələsində artıq ciddi akademik irəliləyiş əldə edib, lakin siyasi qərarların qəbulu müəyyən vaxt apara bilər.
“Bugünkü iclasda türk dünyası ortaq əlifbasının 14 hərfi təsdiq olundu. Ümid edirik ki, tezliklə türk dünyasının ortaq əlifbasının bütün hərfləri razılaşdırılacaq və təsdiq olunacaq”, o qeyd edib.
Azərbaycan Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov Amerikanın Səsinə bildirib ki, türk dövlətlərinin vahid əlifbasının 34 hərfdən ibarət olması razılaşdırılıb.
“Amma əlifba müstəqilliyi olan Türk dövlətlərinin (6 Türk dövləti) parlamentləri və dövlət başçıları tərəfindən qəbul edilməlidir”.
Onun sözlərinə görə, Türk dövlətlərinin vahid əlifbası latın qrafikasında tərtib edilir.
”Yəni ümumi baza müəyyənləşdirilib, 9 sait olacaq. Hansı dövlət dilində neçə sait varsa onu qəbul edəcək. Ola bilər ki, hansısa dövlət əlifbasında daha az hərf qəbul etsin. Amma əsas prinsip budur ki, hər bir səsin eyni işarəsi olmalıdır. Yəni, eyni səs bütün türk dövlətlərində eyni işarə ilə göstərilməlidir”, o qeyd edib.
Xatırladaq ki, Türk Dünyası Ortaq Əlifba Komissiyası Türk Dövlətləri Təşkilatının təşəbbüsü ilə hər bir türk ölkəsindən dil sahəsinə məsul olan iki nümayəndənin iştirakı ilə yaradılıb. Birinci görüş 2023-cü il mayın 28-29-da Astanada, ikinci görüş 2024-cü il mayın 6-7-də Bakıda baş tutub. Komissiya TDT-nin himayəsi ilə Türk Akademiyasının nəzdində fəaliyyət göstərir.
Forum