Şənbə günü Fransa boyu minlərlə etirazçı, prezidentin yeni, mühafizəkar baş nazir Mişel Barnyenin təyinatı ilə bağlı ifrat-sol partiyası liderinin çağırışına cavab verərək küçələrə çıxıb.
Nümayişlər iyul ayında keçirilən parlament seçkilərindən sonra prezident Emmanuel Makronun ifrat-sol blokdan olan baş nazir namizədindən yan keçmək qərarına birbaşa etirazdır. Sol qüvvələr mühafizəkar baş nazirin təyin edilməsini xalqın sözünə məhəl qoyulmaması kimi qiymətləndirir. Bu, Avropa İttifaqının ikinci ən güclü iqtisadiyyata sahib olan ölkəsində onsuz da gərgin olan siyasi ab-havanı daha da gərginləşdirir.
73 yaşlı Barnye müasir Fransanın Beşinci Respublikasına xidmət etmiş 26 baş nazirdən ən yaşlısıdır. O, cəmi səkkiz ay əvvəl təyin olunanda 34 yaşı olan, ölkə tarixinin ən gənc baş naziri Qabriel Attalı əvəz edir.
Makronun mərkəzçi hökuməti iyulda keçirilən növbədənkənar parlament seçkilərində böyük məğlubiyyətə uğradıqdan sonra Attal istefaya getməyə məcbur olub. Makron seçkiləri aydın mandat əldə etmək ümidi ilə çağırdı, lakin bunun əvəzinə, prezidenti qanunvericilik çoxluğundan məhrum edərək və onun administrasiyasını qarışıqlığa sürükləyən bir parlament formalaşdı.
Attal eyni zamanda Fransanın ilk açıq gey baş naziri idi. Barnyenin təyinatını dərhal tənqid edən Fransa mediası və Makronun bəzi əleyhdarları tez bir zamanda müəyyən etdilər ki, 1981-ci ildə parlamentdə xidmət edərkən yeni baş nazir homoseksuallığı dekriminallaşdıran qanunun əleyhinə səs verən 155 millət vəkili arasında olub.
Barnye beş onillik siyasi təcrübə gətirsə də, onun təyinatı böhranın həllinə heç bir zəmanət vermir. Onun problemi böyükdür: O, siyasi spektrin həddindən artıq sol, həddindən artıq sağ və Makronun zəifləmiş mərkəzçi bloku arasında dərin bölündüyü parçalanmış Milli Assambleyada addım ata biləcək bir hökumət qurmalıdır.
Prezidentin Avropa İttifaqı ilə dərin əlaqələri olan təcrübəli siyasi operator Barnyeyə müraciət etmək qərarı Fransa siyasətinə sabitlik gətirmək cəhdi kimi qiymətləndirilir. Aİ-nin Brexit üzrə baş müzakirəçisi kimi şöhrət qazanan Barnye əvvəllər də çətin vəzifələrlə üzləşib.
Forum