Accessibility links

Tofiq Yaqublu ona qarşı ittihamların saxtalaşdırıldığını bildirib


Tofiq Yaqublu məhkəmə zalında (Mənbə: Sosial şəbəkə)
Tofiq Yaqublu məhkəmə zalında (Mənbə: Sosial şəbəkə)

Sentyabrın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun ifadəsi dinlənilib. O, ittihamları rədd edib.

Yaqublu bildirib ki, bu işdə əli olan digər şəxsin və zərərçəkmiş Elşən Hüseynovun Şengen vizası müqabilində ona pul verdikləri ifadələri yalandır.

O deyib ki, bunu sübut etmək üçün mobil antena məlumatlarından istifadə etməklə Yaqublunun və adıçəkilən şəxslərin yerini yoxlamaq kifayətdir və məlum olacaq ki, guya “pul köçürmələri” həyata keçirilən zaman onlar şəhərin müxtəlif yerlərində olublar.

“Ümumiyyətlə, mənə pul veriblərsə, niyə sonradan geri tələb etməyiblər? Onların mənə zəngləri, telefon yazışmaları ilə bağlı heç bir sübut yoxdur”, Yaqublu əlavə edib.

Məhkəmə zamanı Yaqublu hakim Elnur Nağıyevlə mübahisə edib.

Buna səbəb hakimin Yaqublunun qızı və kürəkəni Nigar Həzi və Seymur Həzinin məhkəmə zalına buraxmaması olub.

Yaqublu bildirib ki, bu halda o da prosesdə iştirakdan imtina edir.

Növbəti məhkəmə iclası sentyabrın 13-nə təyin edilib.

Tofiq Yaqublu ötən il dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

Tofiq Yaqublu bu iddiaları qəbul etmir və həbsini siyasi sifarişli, ittihamları isə saxta adlandırır.

Azərbaycan hökuməti isə ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Forum

XS
SM
MD
LG