Accessibility links

Talış tarixinin tədqiqatçısı İqbal Əbilov ev dustaqlığına buraxılmayıb


Talış tarixinin tədqiqatçısı İqbal Əbilov ev dustaqlığına buraxılmayıb
please wait

No media source currently available

0:00 0:02:45 0:00

Avqustun 31-də Səbail Rayon Məhkəməsində Belarusdan Azərbaycana gələn Azərbaycan vətəndaşı, talış tarixinin tədqiqatçısı İqbal Əbilovun ev dustaqlığına buraxılması ilə bağlı məhkəmə prosesi keçirilib. Məhkəmə onun şikayətini təmin etməyib və tədqiqatçını həbsdə saxlayıb. Bu barədə Əbilovun vəkili Fariz Namazlı məlumat verib.

"İqbal uzun müddət xaricdə yaşayıb və Azərbaycana qayıtdıqdan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb, ifadəsi alındıqdan sonra sərbəst buraxılıb. Bu müddət ərzində o, qaçıb harasa gizlənməmişdi, bunu əsas gətirərək onun həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair vəsatət vermişdik. Onun Azərbaycanda daimi yaşayış yeri var, özü isə elmi fəaliyyətlə məşğuldur, araşdırmalar aparır, bu baxımdan Əbilovun həbsdə olmasının zəruri əsasları mövcud deyil", deyə vəkil qeyd edib.

Fariz Namazlı
Fariz Namazlı

Vəkilin sözlərinə görə, Əbilov özünü təqsirli bilmədiyini deyib.

"O, uzun illər milli azlıqların hüquqlarının qorunması ilə məşğuldur, onların tarixi ilə bağlı araşdırmalar edir. Çox güman ki, bu fəaliyyətinə görə həbs olunub".

Avqustun 7-də Səbail Rayon Məhkəməsində Belarusdan Azərbaycana gələn Azərbaycan vətəndaşı, talış tarixinin tədqiqatçısı İqbal Əbilovun telefon danışıqlarına və ailə üzvləri ilə görüşə qoyulan qadağa ilə bağlı məhkəmə prosesi keçirilib. Bunu Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Təcridxanasında saxlanılan Əbilovun vəkili Rövşanə Rəhimli Amerikanın Səsinə bildirib. Vəkil bildirib ki, tədqiqatçı saxlanılma şəraitindən narazı deyil.

"Məhkəmə şikayətimizi təmin etmədi. O, özünü təqsirli bilmir və ona dəstək olan, onun təqsirsiz olduğuna inanan hər kəsə minnətdar olduğunu bildirdi. Dedi ki, onun məsələsinə ideoloji yox, insan hüquqları prizmasından yanaşıldığına görə çox sevinir", deyə vəkil bildirib.

Avqustun 23-də tədqiqatçı valideynlərinə zəng vurub. Bu barədə onun atası Şahin Əbilov məlumat verib.

"Məhdudiyyət götürülüb. Düzdür, hələlik, görüşməmişik,amma telefonla danışdıq", deyə atası qeyd edib.

İqbal Əbilov iyulun 22-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281.3-cü (xarici təşkilatların və ya onların nümayəndələrinin göstərişi ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunur.

Dövlət Təhlükəsizliyi Xidməti tədqiqatçının həbsi ilə bağlı rəsmi məlumat yaymayıb. Lakin yerli saytlarda yer alan iddialara görə, Əbilov üçüncü ölkə ərazisində məskunlaşıb xarici xüsusi xidmət orqanının tapşırıqlarını icra etməklə dövlətə xəyanətdə, Azərbaycan ərazisində etnik zəmində nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərdə təqsirləndirilir.

Yaxınları hesab edir ki, İqbal Əbilov qondarma ittihamlarla saxlanılıb, onun təqib olunmasının səbəbi müxtəlif etnik azlıqlar, o cümlədən Azərbaycanda yaşayan talışlarla bağlı araşdırmalar aparmasıdır.

35 yaşlı Əbilov 2010-cu ildə Riqada qeydiyyatdan keçmiş talış tədqiqatçıları qrupu "Talış Milli Akademiyası"nın təsisçilərindən biridir. Talış Milli Akademiyasının məqsədi talış dilini sosial-iqtisadi, tarixi, etnoqrafik, arxeoloji, ədəbi və linqvistik baxımdan öyrənmək və tədqiq etməkdir. İqbal Əbilov eyni zamanda "Talış Milli Akademiyası Xəbərləri"nin baş redaktorudur. Saytda talış folklor nümunələri, talışla bağlı nəşr olunmamış tarixi sənədlər və ilkin tədqiqatçıların əvvəllər nəşr olunmamış əsərləri dərc olunduğu qeyd edilib.

Əbilov Belarus Dövlət Universitetinin Beynəlxalq münasibətlər ixtisası üzrə 2012-ci ildə bakalavr, 2013-cü ildə isə magistraturasını bitirib. 2016-cı ildə həmin universitetin aspiranturasına daxil olub.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Kyiv Rusiyanın Ukraynaya qitələrarası ballistik raket atdığını bildirib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG