Prezident Co Baydenin yenidən seçilmək üçün yarışdan geri çəkildiyini elan etməsindən cəmi bir ay sonra Kamala Harris Demokratlar Partiyasının prezidentliyə nominasiyasını qəbul edib. O, nitqində öz fəaliyyətini və baxışlarını Respublikaçı rəqibi, keçmiş prezident Donald Trampın fəaliyyəti və baxışları qarşılaşırdı.
Demokratların Milli qurultayının final gecəsində Pink və The Chicks kantri qrupunun milli himni ifa etməsi də daxil olmaqla, möhtəşəm musiqi performansları göstərildi.
Lakin gecənin ulduzu Kamala Harris idi.
Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris: “Hekayəsi yalnız Yer kürəsinin ən möhtəşəm ölkəsində yazıla bilən hər kəsin adından Amerika Birləşmiş Ştatlarının prezidentliyinə sizin nominasiyanızı qəbul edirəm.”
Harris şəxsi həyat hekayəsindən danışaraq, bunu orta sinfə mənsub seçicilərin təcrübələri ilə əlaqələndirdi.
Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris: “Biz yeni bir yol cızırıq. Güclü və böyüyən orta sinfə doğru irəliləyə doğru bir yol, çünki biz bilirik ki, güclü orta sinif Amerikanın uğuru üçün həmişə mühüm rol oynayıb və bu orta sinfin yaradılması mənim prezidentliyimin əsas məqsədi olacaq”.
O, partiyasının məhkəmədə mühakimə olunan Respublikaçı namizəd Donald Trampa qarşı mübarizə strategiyasına uyğun olaraq, sabiq prokuror kimi keçmiş fəaliyyətini vurğuladı.
Bir çox digər natiqlər kimi o, Trampla əlaqəli ifrat sağçı siyasətləri əks etdirən sənəd barədə xəbərdarlıq etdi. Sabiq prezident bunu inkar edir.
Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris: “Və biz Trampın ikinci müddətinin necə olacağını bilirik. Bütün bunlar onun ən yaxın məsləhətçiləri tərəfindən yazılmış “Layihə 2025-də” öz əksini tapıb və bunun nəticəsi ölkəmizi ümumilikdə keçmişə qaytarmaq məqsədi daşıyır. Amma Amerika, biz geri getməyəcəyik”.
Qurultayda alqışlar səsləndirilir. Lakin küçədə hər gün fələstinlilərə dəstək mitinqlər keçirilirdi.
Etirazlar Harrisin Qəzza müharibəsi ilə bağlı mövqeyini dəyişməyib. O, fələstinlilərin müdafiəsi və yardımın vacibliyini vurğulasa da İsrailin təhlükəsizliyinə dəstəyi bir daha təkrarladı.
O dərhal atəşkəs və iki dövlətli həll yolu tapmağa çağırdı.
Qəzza demokratlar arasında fikir ayrılığının olduğu yeganə məsələdir. Təxminən 4700 nümayəndədən 270-i ABŞ-dan İsraili silahlandırmağı dayandırmağı tələb edən petisiya imzalayıb.
Harris müraciətini prezident Co Baydenin yenidən seçilmək üçün yarışdan geri çəkildiyini elan etməsindən bir ay sonra edib.
Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris: “Co, mən minnətdarlıq hissi ilə doluyam. Tarixin göstərəcəyi kimi, sizin nailiyyətləriniz müstəsnadır və xarakteriniz ilhamvericidir. Daq və mən sizi və Cili sevirik və hər ikinizə daim minnətdarıq.”
Harris danışarkən Tramp ABŞ-Meksika sərhədinə səfər edərək və sosial media tədbiri keçirərək diqqəti özünə qaytarmağa çalışıb.
Lakin heç bir şey nümayəndələrin ruh yüksəkliyini azaltmadı.
Arizonadan nümayəndə Darrell Beykman: “O, bizi gələcəyə hazırlayır, gözlədiyimiz bir gələcəyə, həqiqətən bu ölkədə hər kəsi təmsil edən bir gələcəyə və biz yaxşı bir həyatla irəlilədiyimizə görə sevinirik.”
Nyu Yorkdan nümayəndə Sam Hudis: “Kamala bu ölkə üçün nəyin mühüm olduğumu dəqiq izah etdi. Hamımız Amerika bayrağını dalğalandırırıq. Biz hamımız Amerikaya bağlıyıq və bunun bir səbəbi var, çünki bu, ölkə üçün mübarizədir.”
Seçki tərəfdaşı Tim Valz seçkilərə 74 gün qalmış qurultayın sonunda səhnəyə çıxaraq Harrisə qoşuldu.
Forum