Hüquq müdafiəçiləri siyasi məhbus Armita Pavirin Təbriz həbsxanasının təkadamlıq kamerasına köçürüldüyünə dair məlumat yayıb. Pavir keçən ilin sentyabr ayından bəri Təbrizin mərkəzi həbsxanasında daha əvvəl məhkum olduğu həbs cəzasını çəkir.
İranlı hüquqşünasların idarə etdiyi Dadban qrupunun yaydığı məlumata görə, Pavirin iki gündür yaxınları ilə əlaqəsi kəsilib.
Vəkil Qasım Boediyinin bildirdiyinə görə, Pavir sağlıq durumu yaxşı olmayan digər məhbus Məryəm Bayramiyanın tibbi yardımdan məhrum edilməsinə etiraz bildirdiyi üçün təkadamlıq kameraya göndərilib. Boedi bu barədə öz X hesabında paylaşım edib.
Təbrizin Azərbaycan Şəhid Mədəni Universitetinin tələbəsi Pavir 2022-ci ilin sentyabr ayında İranda baş qaldıran və aylarla davam edən hökümət əleyhinə etirazlar fonunda həmin ilin oktyabr ayında universitetin önündə həbs edilmişdi.
O, təhsil aldığı universitetdə keçirilən mitinqlər ilə əlaqədar İnqilab Məhkəməsi tərəfindən 22 ay 17 gün həbsə məhkum olunub.
Amerikanın Səsinin də surətini əldə etdiyi məhkəmə sənədində yazılanlara görə, fəal “Azərbaycan Şəhid Mədəni Universitetində keçirilən qanunsuz mitinqlərə liderlik edib və sosial şəbəkələrdə material paylaşaraq nizama qarşı təbliğat fəaliyyəti göstərmək” və “ali dini liderin karikaturası ilə birlikdə həzrətləri haqqında təhqiramiz cümlələr və ifadələr paylaşaraq onu təhqir etmək” ittihamlarından dolayı müvafiq olaraq 15 ay bir gün və 7 ay 16 gün həbs cəzası alıb.
İranın İslami Cəza Qanununun 134-cü maddəsinə uyğun olaraq, siyasi fəal barəsində çıxarılan ən ağır hökm, yəni 15 ay 1 gün həbs cəzası icra edilə bilər.
Forum